"Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir".
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
"Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Bu gün Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin. Amma bununla paralel olaraq, biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır", - dövlət başçısı deyib.