Sentyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossu ölkədə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə "Report"a XİN-dən məlumat verilib.
Bildirilib ki, Fransa səfirinin Azərbaycan üçün çox tarixi bir dövrdə fəaliyyət göstərdiyinə istinad edən nazir Zakari Qrossun ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylərini, onun peşəkar yanaşma nümayiş etdirdiyini qeyd edib. İki ölkə arasında siyasi dialoqun davamlılığı, xüsusilə də dövlət liderləri arasında mövcud olan sıx təmasların münasibətlərin inkişafına, o cümlədən hər hansı məsələlərin müsbət şəkildə həllinə ciddi töhfə verdiyi vurğulanıb. Nazir xüsusilə humanitar, təhsil sahələrində əməkdaşlığın inkişafının davam etdiyini vurğulayıb.
Zakari Qross Azərbaycanda fəaliyyətini məmnunluqla qeyd edib. Səfir iki ölkə arasında iqtisadi, nəqliyyat-bağlantı, humanitar və digər sahələrdə əməkdaşlığın əhəmiyyətini səsləndirib və ikitərəfli gündəliyin bir çox sahələr üzrə irəli aparılması imkanlarının mövcud olduğunu qeyd edib.
Nazir minaların təmizlənməsi sahəsində Fransa tərəfinin dəstəyini məmnunluqla qeyd edib. Azad edilən ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönüşünün tezləşdirilməsi baxımından ərazilərin minalardan təmizlənməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Görüş zamanı tərəflər ikitərəfli gündəlikdə duran məsələlər, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Ceyhun Bayramov Zakari Qrossa gələcək fəaliyyətində uğurlar arzulayıb.