Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirib.
“Report”un xəbərinə görə, XİN sözçüsü Vahan Unanyan deyib ki, Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə təyin edəcək.
“Ermənistan həmişəki kimi Türkiyə ilə münasibətlərin normallaşması prosesinə ilkin şərtlər olmadan başlamağa hazırdır. Bu, hökumətin proqramında da öz əksini tapıb. Bu mənada, Türkiyə XİN başçısının münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin etməsini xoş qarşılayırıq”, - Ermənistan XİN-nin rəsmisi deyib.
Qeyd edək ki, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ötən gün parlamentdə çıxışı zamanı bildirib ki, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində xüsusi nümayəndə təyin edəcək.