“Qazaxıstan üçün Azərbaycan Cənubi Qafqaza və daha sonra Qara dənizə açılan qapıdır”.
Bunu "Report"a Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana səfərini şərh edən Qazaxıstan Strateji Araşdırmalar İnstitutu direktorunun müşaviri Askar Nurşa deyib.
O qeyd edib ki, öz növbəsində Qazaxıstan Azərbaycanın məhsulları üçün potensial bazar olan, eləcə də Çin bazarına çıxış imkanı verən Mərkəzi Asiyanın aparıcı ölkələrindən biri kimi maraqlı ola bilər.
Ekspertin sözlərinə görə, ölkələrin əməkdaşlıq üçün böyük perspektivləri var və Prezident Tokayevin Azərbaycana səfəri isə Qazaxıstanın bu əməkdaşlığın inkişafında maraqlı və hazırlıqlı olduğunu göstərir.
A.Nurşa qeyd edib ki, imzalanmış "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında" Bəyannamə bir daha təsdiq edir ki, 2005-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında sənəd hələ də aktualdır və indiki halda söhbət strateji və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsindən gedir.
Ekspert onu da qeyd edib ki, ümumilikdə dövlətlər arasında münasibətlər həmişə əməkdaşlıq və qarşılıqlı hörmət ruhunda inkişaf edib.
"Ölkələrimiz iqtisadi əlaqələrin inkişafında həmişə maraqlı olub. 30 il ərzində ölkələrimiz arasında əlaqələr davamlı və dinamik inkişaf edib. İmzalanan bütün sazişlər çoxşaxəli və hərtərəfli əməkdaşlığı ehtiva edir", - o deyib.