Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində polşalı həmkarı ilə görüşərək onu Azərbaycan – Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən bildirilib.
“25 sentyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski ilə görüşüb”, – xarici siyasət idarəsinin mətbuat xidməti diqqətə çatdırılıb.
XİN-in məlumatında Bakı ilə Varşava arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
“Nazir bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığını və bu çərçivədə Azərbaycanın Polşa ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb”, – mətbuat xidməti bildirib.
Eyni zamanda, Azərbaycanın baş diplomatı “qarşı tərəfi Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb”:
“Sülh sazişinin uğurla tamamlanması üçün Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edilməsinin zəruriliyi vurğulanıb”.
“Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb”, – məlumatın yekununda nəql edilib.