“Belçikanın Azərbaycandakı səfirliyi Qarabağda gərginliyin azaldılmasına yönəlmiş bütün təşəbbüsləri alqışlayır”.
Bu barədə "Report"a Belçikanın diplomatik nümayəndəliyindən Azərbaycanın "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılan erməni futbolçulara qarşı cinayət təqibinin dayandırılması ilə bağlı humanist qərarını şərh edərkən bildirilib.
"Belçikanın Bakıdakı səfirliyi Qarabağda gərginliyin azaldılmasına və yerlərdə humanitar vəziyyətin yumşaldılması və qarşılıqlı etimad mühitinin yaradılmasına töhfə verən bütün təşəbbüsləri alqışlayır. Səfirlik Ermənistan və Azərbaycan arasında başlayan sülh prosesini dəstəklədiyini bir daha bəyan edir", - diplomatik missiya qeyd edib.
Xatırladaq ki, Azərbaycanın Dövlət Bayrağına qarşı təhqiramiz hərəkətlər törətməklə bağlı erməni futbolçular "Laçın" sərhəd-buraxılış məntəqəsində saxlanılıblar. Lakin Azərbaycan sonradan humanizm prinsiplərində çıxış edərək bu cinayət təqibini dayandırdı.
Belə ki, onlar 10 sutkalıq müddətə inzibati qaydada həbs ediliblər. Məhkəmə qərarı icra olunduqdan sonra həmin şəxslərin Azərbaycandan deportasiyası təmin ediləcək.