Yuxarı

Avropa çempionatının 4 oyununun Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənəddə deyilir ki, Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. 

2014-cü il sentyabrın 19-da Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsinin 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul etməsi əlamətdar hadisədir. Avropa futbolu tarixində ilk dəfə yeni formatda təşkil olunan Avropa çempionatının 4 oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.

Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.

Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıb ki, 2020-ci ilin iyun ayında futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə yerli Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin sədr müavini

Rövnəq Abdullayev - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini

Fatma Abdullazadə - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri

Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Aydın Əliyev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru

Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Fərhad Hacıyev - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru

İlham Mədətov -XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi)

Elxan Məmmədov - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici.

Sərəncəma əsasən, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA və Avropa çempionatının 12 təşkilatçı ölkəsinin futbol federasiyaları ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək, həmçinin 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi