1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.
Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
Hər iki nazir Ermənistan və Azərbaycan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti üçtərəfli görüş başlayıb.
“Report” xəbər verir ki, ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutan görüşdə diplomatlar Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və sülh sazişi ilə bağlı müzakirə aparılacaq.
ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə nizamlanması və normallaşdırılması üzrə danışıqların yekun raundu keçirilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "Report"a bildirib ki, bugünkü görüş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında mayın 1-dən ABŞ-da aparılan gərgin danışıqların yekun görüşüdür.
Onun sözlərinə görə, görüşlərin və danışıqların nəticələri ilə bağlı məlumatların yayılacağı gözlənilir.
Xatırladaq ki, mayın 1-də ABŞ-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib.
Mayın 3-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə növbəti görüş keçirib.