Azərbaycan hökuməti 2025-ci ildə diplomatik missiyaların saxlanılmasına və beynəlxalq maliyyə institutların kapitalına 754 milyon manat yönəldəcək.
"Report" xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin zərfi"ndə qeyd edilib.
Bu vəsait beynəlxalq münasibətlər (o cümlədən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirak, Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər, beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərə yönəldiləcək.
Həmçinin vəsaitlər xarici yardımlar, Azərbaycanın xaricdəki ticarət numayəndələrinin saxlanılması və Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı ilə bağlı xərclərin ödənilməsinə sərf ediləcək.
Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılmasına bu vəsaitin 205 milyon manatı (2024-cü illə müqayisədə 7 milyon manat və ya 3,5 faiz çox), beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirak ilə bağlı xərclərə 32.0 milyon manat ayrılacaq.
Bundan başqa bu vəsaitin 8 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə, 238,1 milyon manatı beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə (2024-cü illə müqayisədə 37,1 milyon manat və ya 17,6 faiz çox), 10 milyon manatı Azərbaycanın xaricdəkı diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclərə, 10 milyon manatı xarici yardımlar üzrə xərclərə, 8 milyon manatı Azərbaycanın xaricdəki ticarət nümayəndəliklərinin saxlanılması üzrə xərclərə və 243,1 milyon manatı Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı ilə bağlı xərclərə əsaslı xərclər hesabına yönəldiləcək.