Bakı. 14 iyul. REPORT.AZ/ Polşa paytaxtı Varşava turistlər üçün ən ucuz Avropa şəhəridir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Telegraph" nəşrinin tərtib etdiyi turistlər üçün ən ucuz Avropa şəhərlərinin reytinqində deyilir.
Britaniyalıların hesablamalarına görə, burada iki nəfərin həftəsonu istirahəti 131 funt sterlinqə başa gələcək.
Sıralamada sonrakı yeri Krakov (Polşa, 143 funt), Vilnüs (Litva, 145 funt), Praqa (Çexiya, 150 funt), Afina (Yunanıstan, 159,5 funt), Riqa (Latviya, 162 funt), Lissabon (Portuqaliya, 163 funt) və Budapeşt (Macarıstan, 166 funt) tutur.
Müqayisə 12 parametr (üç ulduzlu oteldə həftə sonları ikinəfərlik otağın dəyəri, ən məşhur görməli yerlərə səfərlərin dəyəri, iki nəfərlik naharın dəyəri, hava limanından transferin dəyəri və s.) üzrə həyata keçirilib.
Reytinqdə turistlər arasında ən məşhur 35 şəhər yer alıb.