Bakı hotellərinin populyarlığı Rusiyada iki dəfə artıb.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın “OneTwoTrip” səyahət planlaşdırma xidməti məlumat yayıb.
Xidmətin ekspertləri 2023-cü ilin iyun-avqust ayları arasında hotel sifarişlərini təhlil edərək, 2022-ci ilin eyni dövrü ilə müqayisə ediblər.
Qeyd edilir ki, ölkə turistləri arasında Bakı, Pattaya (Tailand), Porto (Portuqaliya), Riminidəki (İtaliya) hotellərin populyarlığı iki dəfə artıb. Eləcə də Rusiyadan Bişkekə, Madridə və Ankaraya sifarişlər bir yarım dəfə və ya daha çox artıb.
Ölkə xaricinə səfərlərə gəlincə, rusiyalı turistlərin marağında ən nəzərəçarpacaq artım Seulun payına düşür. Cənubi Koreyanın paytaxtında hotellər bir il əvvəllə müqayisədə 4,5 dəfə çox bron edilib. Siyahıda ondan sonra Banqkok (burada şəhərdə hotel sifarişlərinin payı 3 dəfə artıb) və Mexiko (2,5 dəfə) gəlir.