ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) ölkə kinoakademiyasının əsas mükafatı olan “Oskar”ın 94-cü mükafatlandırma mərasimi keçirilir.
“Report” xəbər verir ki, artıq qırmızı xalça üzərində parlaq kino ulduzları - Endryu Qarfild, Penelope Kruz, Benedikt Kamberbetç və başqaları görünüblər.
Təntənəli mərasimin üç saata yaxın davam edəcəyi gözlənilir. Bu müddət ərzində 23 kateqoriyadan 15-də mükafatın qalibləri elan olunacaq. Maraqlıdır ki, bu il təşkilatçılar hələ tədbir başlamazdan əvvəl ilk dəfə olaraq səkkiz nominasiya üzrə heykəlciklər paylayıblar.
“Oskar”ın prodüserlərindən biri Uill Parker qeyd edib ki, mərasim zamanı Ukraynaya dəstək sözləri səsləndiriləcək.
Uill vurğulayıb ki, Akademiyada hər kəs hazırda Ukraynada baş verən hadisələri bilir və xatırlayır.
O, Şon Pennin Zelenskiyə görə mərasimi boykot etməsinə də belə reaksiya verib: "Mən ona deyərdim: "Şon, qardaş, heykəlciyini məhv etmə, tamammı? Onu mənə ver, mənim “Oskar”ım yoxdur, adını çıxarıb öz adımı yazıram”.
Bu il “Ən yaxşı film” nominasiyasında 10 film rəqabət aparacaq: “Dyuna”, “Belfast”, “Yuxarı baxmayın”, “Vestsayd tarixçəsi”, “Koda”, “İtin gücü”, “Biyan pitsa”, “Kabuslar xiyabanı”, “Kral Riçard” və “Maşınım sükanı arxasına otur”.
Qeyd edilir ki, Kennet Brana, Ryusuke Hamaquti, Pol Tomas Anderson, Ceyn Kempion və Stiven Spilberq “Ən yaxşı rejissor” adı uğrunda mübarizə aparacaqlar.
“Ən yaxşı aktrisa” kateqoriyasında qalib olmaq üçün Nikol Kidman (“Rikardo olmaq”), Oliviya Kolman (“Yad qız”), Penelopa Krus (“Paralel analar”), Cessika Çesteyn (Temmi Feyin gözləri”), Kristen Stüart (“Spenser”) mübarizə aparacaq.
“Ən yaxşı aktyor” nominasiyasında isə “Oskar” namizədləri bunlardır: Xavyer Bardem (“Rikardo olmaq”), Benedikt Kamberbetç (“İtin gücü”), Endryu Qarfild (“Tik-tak, bum!”), Uill Smit (“Kral Riçard”) və Denzel Vaşinqton (“Makbet”).