Bakı. 19 oktyabr. REPORT.AZ/ "Bu gün ölkədə demoqrafik sabitlik hökm sürür. Respublikada davam edən inkişaf dinamikası ölkədə müsbət demoqrafik vəziyyətin, o cümlədən əhalinin sabit artım tempinin mövcud olması ilə tamamlanır".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.
Nazir bildirib ki, doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur: "Son illərdə cins nisbətinin pozulması göstəricisində azalma meyli mövcud olsa da, nisbət fərqi yenə də nəzərəçarpan dərəcədədir".
S.Babayev vurğulayıb ki, insanlar yaşlı vaxtında həyatlarına davam etmələri üçün adətən oğlan uşağının olması daha arzuolunan olur: "Biz bu streotipləri qırmaq istəyirik".
O qeyd edib ki, yeni hazırlanan Dövlət Proqramı layihəsində də doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələlərinə ayrıca bölmə kimi yer ayrılıb.
S.Babayev diqqətə çatdırıb ki, BMT-nin Əhali Fondu ilə bu sahədə də birgə işlər aparılır və Milli Fəaliyyət Planı layihəsi hazırlanıb: "Layihədə gender nisbəti ilə bağlı ümumi icmal, bu nisbətin ciddi şəkildə pozulmasının bir sıra mənfi fəsadları və s. ilə yanaşı, gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədinə nail olunması üçün konkret fəaliyyət istiqamətləri və tövsiyələr əksini tapır".