Naxçıvanda əlilliyi olan şəxslərin müayinə qaydaları müəyyənləşib

Naxçıvanda əlilliyi olan şəxslərin müayinə qaydaları müəyyənləşib Sənədi Naxçıvan MR-in baş naziri Əlövsət Baxşıyev imzalayıb
Sosial müdafiə
4 Mart , 2016 13:42
Naxçıvanda əlilliyi olan şəxslərin müayinə qaydaları müəyyənləşib

Bakı. 4 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası (MR) Nazirləri Kabineti "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə" təsdiq edib.

"Report"un xəbərinə görə, sənədi Naxçıvan MR-in baş naziri Əlövsət Baxşıyev imzalayıb.

Sənədə əsasən, Naxçıvanda əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbisosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.

TSEK Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir.

TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir.

Əlilliyi olan şəxsə TSEK tərəfindən verilmiş əmək zəmanətinə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların rəhbərliyi hökmən əməl etməlidirlər.

TSEK üç həkimdən - ekspert-terapevt, ekspert-nevropatoloq və ekspert-cərrahdan ibarət olur. Ekspert həkimlərdən biri TSEK-in sədri təyin olunur. TSEK-də bir ştat vahidi tibb bacısı və bir ştat vahidi qeydiyyatçı nəzərdə tutulur.

TSEK-in vəzifələri əlilliyi qiymətləndirməkdən, müayinə olunan şəxslərin reabilitasiya potensialının səviyyəsini və xarakterini müəyyən etməkdən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyənləşdirməkdən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində işçinin peşə əmək qabiliyyətini, sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin əmək qabiliyyətini itirmə faizini, habelə istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar işçinin (sağlamlığı xəsarət yetirilmə nəticəsində və ya başqa şəkildə pozulmuş fiziki şəxsin) əlavə xərclərə (müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitəsinin verilməsinə və başqa peşə öyrədilməsinə) ehtiyacı olub-olmadığını müəyyən etməkdən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ölümünün qeyd olunan hadisələrlə əlaqəsini müəyyənləşdirməkdən ibarətdir.

Şəxslərin TSEK-də müayinəsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır.

Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır və şəxsin müayinə üçün TSEK-ə gəlmək imkanının olmamasına dair həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyi qeyd olunur.

Şəxsin TSEK-ə gəlmək imkanının olmaması (şəxsin hərəkət imkanının məhdud olması və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə alan yataq xəstəsi olduqda) statusu yalnız göndərişdə əks edilən həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən "Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi" (TSERAS) tərəfindən müəyyənləşdirilir.

Şəxsin müraciəti TSERAS tərəfindən emal edilməklə, onun ərizədə qeyd etdiyi əks əlaqə vasitələrinin birinə müayinənin vaxtı və yeri barədə məlumat göndərilir və ya bildirilir.

Şəxs (TSEK-ə gəlmək imkanı olmayan kimi müəyyən edilmiş şəxslər istisna olmaqla) məlumatda göstərilən TSEK-ə müəyyən edilmiş vaxtda gələrək müayinədən keçir. Bu zaman o, TSEK-ə şəxsiyyət vəsiqəsini, yetkinlik yaşına çatmayan şəxs olduğu halda isə şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni, valideynin (qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsini, valideyn olmayan digər qanuni nümayəndə olmasını təsdiq edən sənədi təqdim etməlidir.

Həmin şəxs TSEK tərəfindən 1 iş günü müddətində müayinə olunur.

TSEK-ə gəlmək imkanının olmaması barədə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının rəyinə əsasən şəxsin müayinəsi səyyar qaydada evdə və ya müalicə olunduğu səhiyyə müəssisəsində 1 iş günü müddətində aparılır.

Qaydaya əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi ilə əlaqədar ilkin müayinə olunan şəxslər peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün hadisə baş vermiş işəgötürənin yazılı sorğusu ilə birlikdə bədbəxt hadisənin baş verməsini təsdiq edən aktı və yaxud məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi təqdim edirlər.

Mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, şəxsin müayinəsi zamanı göndərişdə göstərilən məlumatlar əsasında onun obyektiv vəziyyətinin tam qiymətləndirilməsi mümkün olmadıqda keçirilmiş müayinənin nəticələri barədə məlumatlar, ərizəçinin əks əlaqə vasitələri, eləcə də Xidmət tərəfindən təkrar müayinənin keçirilməsini zəruri edən səbəblər qeyd olunmaqla, TSERAS-a daxil etdikdən sonra TSEK müraciətin Xidmətə göndərilməsini təmin edir.

Əlillik müddətlə müəyyən edildiyi hallarda, şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur.

Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsi 25 faizdən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda, onun müddəti sağlamlığın pozulmasının xarakterindən və reabilitasiya tədbirlərinin səmərəliliyindən asılı olaraq 1 il müəyyənləşdirilir.

Əlilliyi olan şəxslərin vaxtından əvvəl təkrar müayinəsi və ya müddətsiz əlilliyi olan şəxslər həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə, vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda aparılır.

Son xəbərlər

Orphus sistemi