Ekspert: Ələbaxımlılıq tam aradan qalxmayıb, amma alternativ var

Sosial müdafiə
  • 07 yanvar, 2026
  • 16:09
Ekspert: Ələbaxımlılıq tam aradan qalxmayıb, amma alternativ var

Hər il özünüməşğulluq proqramı genişlənir və ayrılan vəsaitin həcmi də artmaqdadır.

Bunu "Report"a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Prezident İlham Əliyevin yanvarın 5-də yerli telekanallara müsahibəsində Azərbaycanda işsizlik səviyyəsi, özünüməşğulluq proqramı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

O xatırladıb ki, proqram üçün vəsait əsasən İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına təmin olunur:

"Qeyd etmək istəyirəm ki, özünüməşğulluq proqramına qoşulmaq üçün müəyyən ilkin şərtlər mövcuddur. Bu şərtlərə uyğun gələn hər bir şəxs aktivləri ala və öz kiçik ailə biznesini qura bilər. Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tərəfindən proqram çərçivəsində illər ərzində mütəmadi aparılan monitorinqlərin nəticələri göstərir ki, özünüməşğulluq proqramına cəlb olunanların əhəmiyyətli hissəsi mikro-biznes qurub, bəziləri isə fəaliyyətini daha da genişləndirərək inkişaf etdirə bilib".

Sahib Məmmədovun sözlərinə görə, müəyyən problemlər də mövcuddur:

"Xüsusilə kənd təsərrüfatı sahəsində, kənd yerlərində yaşayan əhaliyə əsasən iri və xırda buynuzlu heyvanlar – qoyun, keçi və mal-qara təqdim olunur. Bəzi hallarda bu aktivləri alan şəxslər sonradan heyvanları kəsir, satır və ya istehlak edir. Bu zaman isə əsaslandırma kimi heyvanların xəstə olması göstərilir. Halbuki aparılan yoxlamalar nəticəsində müəyyən olunur ki, heyvanlar sağlam olub və təqdimat zamanı bu proses videoçəkilişlə qeydə alınıb".

Onun sözlərinə görə, belə hallar da mövcuddur ki, ailənin iqtisadi dirçəlişi üçün verilən mal-qara sonradan artırılmır, məqsədli şəkildə satılır və ya müxtəlif yollarla proqramın davamlılığı pozulur.

"Bu isə dayanıqlılığın təmin edilməsinə mane olur. İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan əhali üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlər xüsusi prioritet qaydada təqdim olunur və müşahidələr göstərir ki, bu tədbirlərin real nəticələri var".

Proqramın əhatə dairəsinin bütün ehtiyacı olan və kasıblıq həddində yaşayan şəxsləri hələ tam əhatə etməyini qeyd edən ekspert 2006-cı ildən Ünvanlı Dövlət Sosial Yardımı proqramına toxunub:

"Bu proqram çərçivəsində iki əsas yanaşma mövcuddur. Əgər ailənin vəziyyəti yaxşılaşır və maddi baxımdan dirçəlmə mümkündürsə, ünvanlı sosial yardım müəyyən müddətə verilir. Əgər şəxsin əlilliyi var və onun əmək fəaliyyətinə qoşulması, biznes qurması real deyilsə, bu halda sosial yardım davamlı şəkildə verilir.

Bu sahədə ələbaxımlılıq halları da mövcuddur. Bəzi insanlar onlara təklif olunan işlərdən müxtəlif bəhanələrlə imtina edirlər. Bəzən isə obyektiv səbəblər olur, məsələn, iş yeri uzaq məsafədə yerləşir. Ümumilikdə, demək olar ki, bu sahədə ələbaxımlılıq amilləri mövcuddur. Lakin bunun alternativi kimi özünüməşğulluq proqramı çıxış edir. İnsanlar aylıq sosial yardım əvəzinə birdəfəlik aktivlər alaraq öz təsərrüfatlarını qura və iqtisadi baxımdan dirçəldə bilirlər. Birmənalı şəkildə demək olmaz ki, ələbaxımlılıq halları tam aradan qalxıb. Bu proqram sayəsində çoxlu sayda insanlar fərdi sahibkar kimi formalaşıb".

Qeyd edək ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində özünüməşğulluq proqramından danışıb və cəmiyyətdə ələbaxımlılıq olmaması məsələsi ilə bağlı fikirlər bildirib:

"Biz bir neçə ildir ki, özünüməşğulluq proqramı ilə məşğuluq, əgər belə demək mümkündürsə və 100 mindən çox insan bu proqramla əhatə olunub. Yəni cəmiyyətdə ələbaxımlılıq olmamalıdır. Bunu tam aradan qaldırmışıq? Yox, yenə də var. İş yerləri yaradılır, o cümlədən Qarabağ və Şərqi Zəngəzur da böyük tikinti meydançasıdır. Yəni işləmək istəyən Azərbaycanda özü üçün iş tapa bilər, ya inşaatda, ya kənd təsərrüfatında, ya başqa sahələrdə. İşsizlik aşağı səviyyədədir, ancaq işsizlər var və bu, hər bir ölkədə var.

İnkişaf etmiş ölkələrdə bizdən də böyük faizlə ölçülən işsizlik var. Amma mənim sözüm odur ki, bu gün Azərbaycan kimi ölkədə, geniş imkanları olan ölkədə iş tapmaq o qədər də çətin məsələ deyil. Sadəcə olaraq, bəziləri bəlkə də onlara təklif olunan işlərlə razı deyillər, ona görə iş axtarmağa davam edirlər. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər".

Son xəbərlər

Bütün Xəbər Lenti