Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Latviyanın Rifah Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahələrində əməkdaşlığa dair memorandum imzalanıb. “Report” xəbər verir ki, memorandum iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşdirilməsi, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun dəstəklənməsi, insan resurslarının planlaşdırılması və inkişafı, əmək bazarının monitorinqi və proqnozlaşdırılması, peşə və ixtisas standartlarının hazırlanması və tətbiqi sahələrində əməkdaşlıq istiqamətlərini nəzərdə tutur.
Sənəddə, həmçinin işsiz və işaxtaran vətəndaşlar üçün peşə hazırlığı sisteminin təkminləşdirilməsi, əlilliyi olan şəxslərin sosial problemlərinin və məşğulluq məsələlərinin həlli, onların peşə reabilitasiyasının təşkili, gənclərin məşğulluğu, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi, sosial xidmətlər, sosial tərəfdaşlıq sisteminin inkişafı və digər əməkdaşlıq istiqamətləri əksini tapıb.
Memoranduma uyğun olaraq, əməkdaşlıq əmək, məşğulluq, sosial müdafiə sahələrində qanunvericiliyin və normativ sənədlərin, sosial - əmək məsələləri üzrə analitik informasiya materialları və elmi tədqiqatların nəticələrinin mübadiləsi və s. formalarda həyata keçiriləcək.
Sənəddəki müddəaların həyata keçirilməsi məqsədilə tərəflərin ictimai əsaslarla İşçi qrupları yaratmaları da nəzərdə tutulub.