Azay Quliyev: "Maliyyələşdirdiyimiz layihələrin 70%-i sosial sahəyə aiddir"
- 17 dekabr, 2019
- 07:38
"Əsas hədəflərimizdən biri sosial yönümlü problemlərin həllində QHT-lərin iştirakını maksimum dərəcədə dəstəkləməkdir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, bu gün sosial problemlərin həllində yalnız dövlət qurumları deyil, özəl müəssisələr də iştirak etməlidir.
A.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin sosial sahədə həyata keçirdiyi islahatlar yalnız ölkə ictimaiyyəti tərəfindən deyil, beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir: "Beynəlxalq reytinq cədvəllərində Azərbaycanın tutduğu pillənin yüksəlməsi onu göstərir ki, hökumətin əsas məqsədi əhalinin rifahının yüksəldilməsidir. Bu baxımdan sosial sahədə əldə olunan nailiyyətlər bizi sevindirir. Eyni zamanda qeyri-hökumət təşkilatlarının da bu sahədə aktivliyi gündən-günə artır. Bu sahədə həqiqətən də vətəndaş təşəbbüsünə böyük ehtiyac var".
O əlavə edib ki, son iki ildə şuranın maliyyələşdirdiyi layihələrin təxminən 70 faizi məhz sosial sahəyə aiddir: "Bu sahədə bizim peşəkar, hətta beynəlxalq səviyyəli layihələr həyata keçirə bilən təşkilatlarımız var".