Zakir İbrahimov: "Qızıl layihələri üzrə büdcədən asılılıq tam aradan qaldırılıb"

Zakir İbrahimov: "Qızıl layihələri üzrə büdcədən asılılıq tam aradan qaldırılıb" "AzerGold" QSC-nin icra etdiyi qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılıq tam aradan qaldırılıb.
Sənaye
24 Oktyabr , 2022 13:30
Zakir İbrahimov: Qızıl layihələri üzrə büdcədən asılılıq tam aradan qaldırılıb

"AzerGold" QSC-nin icra etdiyi qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılıq tam aradan qaldırılıb.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri Serikkali Berekeşefin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

O, 2017-ci ildə hasilat işlərinə “Çovdar” qızıl mədənindən başlamış "AzerGold"un bu illərdə paralel olaraq yeni əlvan və qara metal filizi yataqlarının istismara hazırlanması istiqamətində mühüm uğurlar əldə etdiyini, Cəmiyyətin geoloqlarının kəşf etdiyi “Ağyoxuş” qızıl yataqlar qrupuna aid olan “Ağyoxuş 1”, o cümlədən “Mərəh” qızıl yatağının istismarına nail olduğunu, 2025-ci ildən əlvan metal yataqları üzrə də asılılığın aradan qaldırmasının hədəf olaraq müəyyən edildiyini diqqətə çatdırıb.

Sədr adları çəkilən, eləcə də yaxınlıqdakı digər yataqlarda hasil ediləcək filizin mərkəzləşdirilmiş qaydada emalı üçün “Çovdar” qızıl mədənin bazasında inteqrə olunmuş regional emal sahəsinin yaradıldığını bildirib. O, istismarına hazırlıq görülən yeni əlvan və qara metal yataqları, həmçinin “Filizçay” polimetal yatağı barədə də məlumat verib, qeyd edib ki, dövlət şirkəti regionun və Avropanın ən iri polimetal yataqlarından biri olan “Filizçay”da hasilat işlərinə 2025-ci ildə sınaq rejimdə start verməyi, növbəti illərdə isə sənaye miqyaslı emal müəssisənin işə salınmasını planlaşdırır.

Z.İbrahimov qazaxıstanlı heyətə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə ordumuzun əldə etdiyi zəfər nəticəsində işğaldan azad edilmiş Kəlbəcər rayonunun mina və partlamamış hərbi sursatlardan təmizlənmiş ərazilərində Cəmiyyətin icra etdiyi geoloji axtarış işləri ilə bağlı məlumat verib. O, həmin ərazidə daha geniş miqyasda fəaliyyətin aparılmasına məhz Ermənistanın işğal dönəmində basdırdığı minaların əngəl olduğunu və bu günədək mina xəritələrinin tam olaraq təhvil verilmədiyini diqqətə çatdırıb, bölgənin minalardan, partlamamış hərbi sursatlardan tam olaraq təmizləndikdən sonra daha geniş miqyaslı geoloji kəşfiyyat işlərinə başlanılacağını vurğulayıb.

S.Berekeşefi hər iki ölkənin dağ-mədən sektorunda əməkdaşlıq üçün böyük imkanların mövcudluğunu qeyd edib. O, ölkəsinin mineral xammal ehtiyatlarına görə dünya liderlərindən biri olduğunu diqqətə çatdırıb. Qazaxıstanlı nazir Sovet dövrünə aid geoloji məlumatların rəqəmsallaşdırılmasını özündə ehtiva edən və yerin təkindən istifadə üzrə bütün mövcud informasiya sistemlərini birləşdirən vahid “Kaznedra” platformasının yaradılması prosesi barədə məlumat verib. Onun sözlərinə görə, yeni platforma investorların Qazaxıstanda geoloji məlumatlar və interaktiv xəritələrə onlayn girişini təmin edəcək.

Z.İbrahimov geoloji məlumatların rəqəmsallaşdırılması istiqaməti üzrə də əməkdaşlığa və qarşılıqlı təcrübə mübadiləsinə hazır olduqlarını vurğulayıb. Daha sonra bir neçə il öncə ölkəmiz üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivinin yenilənməsinə start verildiyini və layihənin uğurla yekunlaşdırıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəal əməkdaşlığı ilə Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanılan məlumatlar elektronlaşdırılıb, beynəlxalq məsləhətçilərlə əməkdaşlıq çərçivəsində beynəlxalq standartlara uyğun olaraq hər bir yataq üzrə rəqəmsal məlumat bazası yaradılıb. Görülən işlərin yataqların iqtisadi və ekoloji cəhətdən daha effektiv idarəedilməsinə kömək edəcəyi, geoloji məlumatların rəqəmsallaşdırılmasının əlvan və qara metal sənayesinin xarici investorlar üçün cəlbediciliyini artıracağı, növbəti mərhələdə iqtisadi səmərəlilik nəzərə alınmaqla yataqların işlənmə prioritetlərini müəyyənləşdiriləcəyi vurğulanıb.

Qazaxıstanın Ekologiya, Geologiya və Təbii Sərvətlər naziri görüşün davamında “AzerGold”un və Qazaxıstan şirkətlərinin timsalında yeni mədənlərə qarşılıqlı investisiya qoyuluşu, həmçinin geoloji kəşfiyyat sahəsində əməkdaşlıq perspektivləri istiqamətində bir sıra təkliflərlə çıxış edib. Daha sonra birgə fəaliyyət və təcrübə mübadiləsi təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, atılacaq növbəti addımlar müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi