Rusiyanın Tatarıstan bölgəsinin iş adamları ölkəmizdəki göstərən sənaye zonalarında yaradılmış biznes mühitindən yararlanmağa və investisiya layihələri həyata keçirməyə dəvət edilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata görə, bu barədə Tatarıstanın sənaye və ticarət nazirinin müavini German Lerner, “Ximqrad” SC-nin baş direktoru Ayrat Qizzatullin və bu ölkənin müxtəlif sahələrində fəaliyyət göstərən 15-ə yaxın şirkətinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə Sumqayıt Kimya Sənaye Parkında keçirilən görüşdə müzakirə aparılıb.
Agentliyin İdarə Heyətinin sədri Elşad Nuriyev ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları və aqroparklar, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonaları və aqroparkların təqdimatı keçirilib. Bildirilib ki, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstanla səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan “KamAZ”ın Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə “Avto Lizinq Azərbaycan” MMC adlı birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir.
Görüşdə iştirak edən Tatarıstanda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Sonda sənaye parklarına sərmayə yatırılmasının prespektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb .
Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Parkın rezidenti “STP” MMC-nin Kabel və Elektrik avadanlıqları zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.