Tramp yanacağın bahalaşmasına qarşı Koreya müharibəsi dövrünün qanununu tətbiq edib
- 23 oktyabr, 2026
- 03:50
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp yanacağın yüksək qiymətləri fonunda ölkənin neft sənayesinə dəstək vermək üçün Koreya müharibəsi (1950–1953) dövründə qəbul edilmiş hərbi istehsal haqqında qanunu tətbiq edib.
"Report" xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi dövlət başçısının memorandumunda bildirilib.
Tramp neft hasilatı və emalı, eləcə də bu sahə ilə bağlı fəaliyyətləri milli müdafiə üçün zəruri elan edib.
Sənəddə qeyd olunub ki, ABŞ-də neft hasilatı, emalı və logistika sahəsindəki daxili imkanlar, o cümlədən kəşfiyyat və hasilat işləri, nəqliyyat boru kəmərləri, anbarlar və dəniz terminalları milli müdafiə üçün həyati əhəmiyyət daşıyan sənaye resursları, materiallar və kritik texnoloji komponentlərdir.
Qanun prezidentə milli təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə müəyyən məhsulların istehsalını artırmaq səlahiyyəti verir. Bu çərçivədə Tramp Pentaqona ABŞ-nin neft sənayesini dəstəkləmək üçün vəsait ayırmağa icazə verib. Müvafiq tədbirlər adi məhdudiyyətlərdən və Konqresə əvvəlcədən bildiriş tələblərindən azad edilib.
ABŞ Müdafiə Nazirliyi neft sənayesi üçün zəruri məhsullar ala, subsidiyalar və kreditlər ayıra, kredit zəmanətləri verə, həmçinin yeni müəssisələrin tikintisini və mövcud istehsal güclərinin genişləndirilməsini maliyyələşdirə biləcək.