Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-may aylarında 34,9 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3 % çox sənaye məhsulu istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,1 %, qeyri neft-qaz sektorunda isə 14,3 % artıb.
Sənaye məhsulunun 75,7 %-i mədənçıxarma sektorunda, 20,3 %-i emal sektorunda, 3,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 2,7 % azalıb, əmtəəlik qaz hasilatı isə 18,5 % artıb.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 4,5 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, əczaçılıq məhsullarının istehsalı 2,1 dəfə, tikinti materiallarının istehsalı 64 %, mebel istehsalı 60,7 %, elektrik avadanlıqlarının istehsalı 56,7 %, maşın və avadanlıqların istehsalı 51,9 %, geyim istehsalı 50,6 %, hazır metal məmulatlarının istehsalı 43,3 %, metallurgiya sənayesi məhsullarının istehsalı 34,2 %, kimya sənayesi məhsullarının istehsalı 25,2 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,9 %, kağız və karton istehsalı 17,5 %, qida məhsullarının istehsalı 8,9 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 6,8 % artıb, kompüter, elektron və optik məhsulların istehsalı 4,3 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 %, tütün məmulatlarının istehsalı 7,2 %, içkilərin istehsalı 10,4 %, neft məhsullarının istehsalı 18,4 %, toxuculuq sənayesi məhsullarının istehsalı 20,5 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 24,6 % azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,2 % artıb.