Ötən il "Anglo-Asian Mining” Azərbaycanda qızıl istehsalını azaldıb
- 13 yanvar, 2022
- 08:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti “Gədəbəy” müqavilə ərazisi üzrə 2021-ci ilin dördüncü rübü ərzində 15 949 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin 2021-ci ilin yekunlarına dair hazırladığı hesabatında qeyd olunub. Bu, 2020-ci ilin dördüncü rübünə nisbətən 3,88 % azdır. 2020-ci ilin dördüncü rübündə bu həcmlər 16 593 unsiya qızıl ekvivalenti olub.
Ötən ilin dördüncü rübündə şirkət tərəfindən 11 589 unsiya qızıl hasil edilib. Bu, 2020-ci ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə 14,37 % azdır.
Bu dövr ərzində Britaniya şirkəti 743 ton mis istehsal edib. Bu, 2020-ci ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə 6,75 % çoxdur.
Bu müddət ərzində "Anglo-Asian Mining Plc." şirkətinin gümüş istehsalı isə 38 673 unsiya təşkil edib. Bu isə 2020-ci ilin dördüncü rübü ilə müqayisədə 17,26 % çoxdur.
Ümumilikdə, 2021-ci il ərzində "Anglo-Asian Mining Plc." şirkəti 64 610 unsiya qızıl ekvivalentində qiymətli metal filizləri istehsal edib. Bu, 2020-ci ilin göstəriciləri ilə müqayisədə 3,92 % azdır. 2020-ci ildə bu həcmlər 67 249 unsiya qızıl ekvivalenti olub.
Ötən il şirkət tərəfindən 48 680 unsiya qızıl hasil edilib. Bu, 2020-ci ilin göstəriciləri ilə müqayisədə 14,4 % azdır.
Bu dövr ərzində Britaniya şirkəti 2 649 ton mis istehsal edib. Bu, 2020-ci ilin göstəriciləri ilə müqayisədə 2,24 % çoxdur.
2021-ci il ərzində "Anglo-Asian Mining Plc."nin gümüş istehsalı isə 154 564 unsiya təşkil edib. Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 25,7 % çoxdur.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.