Bu il Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya dəyəri 39,2 milyon manat olan iki müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.
"Report" xəbər verir ki, sənaye parkında "Kartaş Kimya" MMC-nin tikinti kimyəvilərin, "Az-Tex-Import" MMC-nin "IVECO" markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisələrinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Sənaye parkına təşkil olunmuş mediatur çərçivəsində "Kartaş Kimya" MMC-nin direktoru Necmeddin Taşbağ bildirib ki, artıq tikinti kimyəvilərinin istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir:
"Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə artıq 15 milyon manatdan çox sərmayə qoyulub".
Onun sözlərinə görə, zavodda tikinti kimyəvilərinin istehsalı ilə yanaşı, ölkə ərazisində ilk dəfə olaraq müxtəlif təyinatlı su izolyasiya materiallarının və zəmin döşəmə məhsullarının istehsalı da nəzərdə tutulur.
Mediatur çərçivəsində bildirilib ki, investisiya dəyəri 19,2 milyon manat olan yük avtomobillərinin istehsalı müəssisəsində 90 nəfər daimi işlə təmin olunacaq. İl ərzində 100 ədəd avtomobilin istehsal olunacağı müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək.
Foto: Məhəmməd Ağayev