Bakı. 21 aprel. REPORT.AZ/ Belarus Azərbaycanda keçiriləcək növbəti "WorldFood" qida sərgisində öz məhsullarını təqdim edəcək.
"Report" Belarus mətbuatına istinadən xəbər verir ki, ölkəni sərgidə 50 qida sənayesi müəssisəsi təmsil edəcək.
Bu il 21-23 may tarixlərində "WorldFood" - XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi keçiriləcək.
Məhsullar üç tematik blok üzrə təqdim olunacaq. "Belqospişeprom" sənaye konserni və “Minsk Kristall” ASC 80 kv. metr sahədə konfet, meyvə şirəsi, konserva, uşaq qidaları və likör məhsulları təqdim edəcək.
Ölkənin ət emalı sənayesini “Brestmyasomolprom”, “Minoblmyasomolprom” və “Qomelskaya myaso-moloçnaya kompaniya” təmsil edəcək. Bir çox məhsullar müsəlman mətbəxi üçün ənənəvi olan "halal" standartı ilə hazırlanmış xüsusiyyəti ilə seçiləcək.
“Qlubokski moloçno-konservnı kombinat” ASC, “Lidski moloçno-konservnı kombinat” ASC, “Moloçnı mir” ASC, “Belovejskie sırı” Belarus sənayesinin süd məhsulları sektorunu təmsil edəcək.