Türkiyənin tanınmış plastik, rekonstruktiv və estetik cərrahı, professor, doktor Ethem Güneren koronavirusdan sağalan tibb işçilərindəndir. O, digər həkim həmkarlarının da plazmafarez metodu vasitəsilə müalicəsi üçün qan verib. E.Güneren "Report"un Türkiyə bürosuna koronavirus pandemiyası ilə bağlı müsahibə verib.
- Doktor, bu gün dünyada yüzlərlə tibb işçisi koronavirus pandemiyasının qurbanı olub. Siz də bu infeksiyaya yoluxdunuz, ancaq xəstəliyə qalib gəlməyi də bacardınız. Bəs koronavirusa yoluxduğunuzu necə anladınız?
- Mənim ailəm çox genişdir, atam, anam, bacım və qardaşlarım da daxil olmaqla təxminən 5 ailə eyni ərazidə yaşayırıq. Ailəmizdə beş ayrı-ayrı xəstəxanada işləyən 6 həkim var. Bu həkimlərdən biri və ya bir neçəsi işlədikləri xəstəxanalardan koronavirusu evimizə gətirdilər. Təxminən 20 gün öncə infeksiyanın ilkin əlamətləri olan öskürək, qızdırma, halsızlıq və s. hiss etdikdən sonra analiz verdim. Bundan sonra koronavirus daşıyıcısı olduğum ortaya çıxdı. Daha sonra ailə üzvlərimin hamısı koronavirus testindən keçdilər. Nəticədə ahıl atam və anam da daxil olmaqla, ailəmizdən 14 nəfərin infeksiyaya yoluxduğu müəyyənləşdi. 6 nəfərin vəziyyəti bir qədər ağırlaşmış, sətəlcəm olmuşdular. Atamı və anamı Türkiyənin ən böyük tibb ocağı olan Bezmialem Vəqf Universiteti Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirdik. Onlar süni nəfəs aparatlarına qoşuldular və ciddi şəkildə müalicələri başladı. Mən və koronavirus daşıyıcısı olan digərləri hər kəsdən özümüzü karantinə aldıq və evdə 14 gün müalicəmizi davam etdirdik.
- Bəs xəstəliyi necə keçirdiniz?
- Koronavirusa yoluxanların 94%-i xəstəliyi ayaqda keçirir, yəni evdə müalicə alır. Onlardan 2%-i xəstəxanaya yerləşdirilir, 2%-i reanimasiyada müalicə alır, 2%-i isə ölür. Əslində, ilk üç gündə qorxduğumu etiraf etməliyəm. Çünki xəstəliyin hansı mərhələsində olduğunu bilmirsən. Bu infeksiyanın mindən çox fərqli simptomları var və orqanizmin harasından "vuracağı" da bəlli deyil. Məsələn, şəkərli diabet xəstələrinin bəziləri sağalır, bəziləri isə ölür. Bəzən heç bir xəstəliyi olmayan sağlam insanlar da qurbana çevrilir. Ancaq üç gün sonra irəliləyişin olduğunu hiss etdim. Atıq yeddinci gündə virusa qalib gəlmişdim. Əgər beş və yeddi gün arasında normallaşma müşahidə edilirsə, ağırlaşma olmur və tədricən sağalmağa doğru addımlayırsan. Ondan sonra geriyə doğru deyil, sadəcə irəliyə doğru sağalma müşahidə olunur. Bir həftə sonra təkrar test olunduq. Ailəmdə olan hər kəs sağaldı. Artıq ötən gündən işə başlamışam.
- Sizcə, koronavirusdan sağalanların yenidən yoluxma ehtimalı varmı? Hazırda özünüzü necə qoruyursunuz?
- Bilirsiniz, koronavirusdan sağaldıqdan sonrakı ilk altı həftədə orqanizmin immun sistemi güclənir. Ancaq daha sonra immun sistemi getdikcə zəifləməyə başlayır. Ona görə də təxminən 6 həftədən sonra yenidən koronavirusa yoluxmaq ehtimalı mümkündür. Ancaq növbəti mərhələ mutasiya mərhələsi hesab olunur. Bunu major mutasiya da adlandırırıq. Bu mərhələdə infeksiyanın hansı formanı alacağı məlum deyil. Fərz edin ki, saçınızı kəsdirmisiniz. Bu, sizi nə qədər dəyişə bilər? Birdə fikirləşin ki, estetik əməliyyat olub burnunuzu kəsdirmisiniz. Bəs bu sizin görünüşünüzü nə qədər dəyişəcək?
Təbii ki, estetik əməliyyatdan sonra dəyişiklik daha ciddi və təsirlidir. Ancaq koronavirusun mutasiyadan sonra hansı formada üzə çıxacağı məlum deyil. Əgər major mutasiya olarsa, bu vəziyyətdə qorunma mümkün deyil. Ona görə də bütün günü maskayla gəzirəm, sosial məsafəni qoruyuram. Bundan başqa, hazırda xəstəxanamız sırf koronavirus xəstələri üçün ayrılıb. Ona görə də zəruri olmayan əməliyyatlar həyata keçirilmir. Hazırda xəstəxanada mənə çox ehtiyac olmasa da, işimin başındayam. Ümumiyyətlə, Türkiyə xəstəxanaları koronavirusla mübarizədə ciddi və uğurlu iş ortaya qoyublar. Bu da ölkə səhiyyəsinin gücünü göstərir.
- Bu gün ABŞ və Avropa ölkələrində pandemiya qurbanlarının sayı gündən-günə artır. Bir həkim kimi vəziyyətin bu səviyyəyə çatmasını necə qiymətləndirirsiniz?
- Mən hesab edirəm ki, dünya dövlətləri ilk günlərdə koronavirusu çox da ciddiyə almadı. Ona görə də bu səviyyəyə gəlib çatdıq. Əgər Türkiyə də daxil olmaqla, ölkələr ilk günlərdən sərhədlərini bağlasaydılar, bu qədər ağır bədəl ödəməzdik. Türkiyə əvvəlcə yalnız İranla sərhədini bağladı, bu da çox doğru zamanda verilmiş qərar idi. Ancaq bu qadağa Avropadan gələnlər üçün tətbiq edilmədi. Eyni zamanda Türkiyədə də İran və Cənubi Koreyada da olduğu kimi bütün əhali koronavirus testindən keçirilməlidir. Çünki içimizdə gizli infeksiya daşıyıcıları var. Onlar da əsasən gənclərdir. Çünki koronavirus daşıyıcısı olan gənclər xəstəliyi yüngül keçirir və gün keçdikcə sağalırlar. Ancaq həmin gənclər potensial koronavirus daşıyıcılardır və infeksiyanı yaymaqda davam edirlər. Koronavirusu mövsümi xəstəlik də adlandıra bilərik. Ən azı üç ay müddətində təsirini davam etdirəcək. Ancaq bir il dünya iqtisadiyyatına və siyasətinə təsiri davam edəcək.
- Sizcə, koronavirusun vaksini nə vaxt tapıla bilər? Ümumiyyətlə, bu xəstəlik bitdikdən sonra insanların həyatında nə kimi dəyişiklik ola bilər?
- Əlbəttə, vaksin tapılacaq və tətbiq ediləcək. Artıq koronavirusa yoluxmuş bir insan 14 gün sonra qan verərək donor ola bilir. Mən də könüllü donor oldum. Belə ki, koronavirusa yoluxmuş və sağalmış şəxs üç dəfə qan verməklə digər xəstənin şəfa tapmasına yardımçı ola bilər. Təbii ki, qandakı proteinləri xəstə şəxsə köçürürlər. Mən könüllü olaraq müraciət etdim və hazırda reanimasiyada müalicəsi davam edən yaxın dostum üçün qan verəcəyəm.
Təbii ki, koronavirus bitdikdən sonra dünyamızda çox şey dəyişəcək. İnsanların bəlkə də buna ehtiyacı vardı. Bildiyiniz kimi, sosial eksperiment zamanı ayaqyoluna gedənlərin bir çoxunun çıxdıqdan sonra əllərini yumadıqları məlum oldu. Bu infeksiya insanlara gigiyenik qaydalara riayət etməyi öyrədəcək, İnsanlar bəzi dəyərlərin fərqinə varacaqlar. Ən əsası da sağlamlıqlarının.
- Bəs son olaraq insanlara nələri tövsiyə edərdiniz?
- Koronavirusunun yayılması bəşəriyyətin mədəni təkamülündə faydalı mutasiya üçün imkan sayıla bilər. Fikrimcə, bu müharibədən sağ çıxan insanlardan əl yumağı öyrənməklə yanaşı, marça-murçla öpüşməmək, kütlənin üzərinə öskürməmək, asqırmamaq, yerə tüpürməmək kimi faydalı qazancları da gözləyirik.
Həkim olaraq Azərbaycana və dünyaya səslənirəm: sadəcə və sadəcə evdə qalıb gigiyenik qaydalara əməl etsəniz, həyatda qalacaqsınız. Həyatda qalmaq istəyən evində qalmalıdır.
Müəllif: Vüsalə Abbasova