22 ildir Niderlandda səhiyyə sistemində çalışan və hazırda həmin ölkənin yaşlılar üçün nəzərdə tutulan üç sistemli klinikasında fəaliyyət göstərən tibb içisi, Belçika Niderland Krallığının koordinasiya şurasının üzvü Kəmalə Ceylinovanın “Report” İnformasiya Agentliyinə müsahibəsi:
- Kəmalə xanım, hazırda Niderlandda koronavirusla bağlı vəziyyət necədir?
- Bu günə Niderlandda koronavirusa yoluxanların sayı 15 723-ə çatıb. Son sutka ərzində 1 026 nəfər yoluxub, 148 nəfər virusdan ölüb. Bununla da infeksiya qurbanlarının sayı 1 487-yə çatıb.
- Koronavirusun yaşadığınız ölkədə də qeydə alınmasını eşidəndə nə reaksiya verdiniz? Hər gün işlədiyiniz klinikaya gedəndə hansı formada yoxlanış edilir?
- Bu xəbəri onsuz da hər yerdən eşidirdik. Virusun yayıldığı gündən klinikaya gediləndə hər səhər blank doldururuq. Blankda ad-soyad, hansı saatlarda işdə olduğumuz, hansı günlər hansı xəstələrlə görüşdüyümüz barədə qeydlər aparılır. Eyni zamanda, hər səhər temperaturamız ölçülür. Soruşurlar ki, evinizdə xəstə şəxs varmı və bu gün özünüzü necə hiss edirsiniz. Bundan sonra işə başlayırıq. İşin sonunda həmin blanklar klinikanın elektron sisteminə göndərilir. Yaşlı insanlarla işlədiyimizdən bizim klinikada gigiyena qaydalarına əməl etmək 100 faiz idi. Ona görə də virus bizim klinikaya yeni bir şey gətirmədi. Sadəcə çalışdığımız yaşlı insanlar və ya əlil şəxslərin ailələri, qohumları ilə görüşə icazə verilmədi. Hər xəstənin ağzında maska var və çalışırıq ki, ünsiyyət minimuma düşsün. Əvvəl onlarla psixoloji söhbət edirdiksə, artıq bunu 2 metrlik məsafədən etməyə çalışırıq. Bu xəstəlik yaşlılar üçün çox çətindir.
- Neçə ildir Nidarlanda tibb işçisi olaraq fəaliyyət göstərirsiniz və həmin ölkənin səhiyyə sistemi bu virusla mübarizəyə hazır idimi?
- 20 ildən çoxdur tibb sahəsində çalışıram və Niderland ən inkişaf etmiş Avropa ölkələrindən biridir. Amma ölkənin səhiyyə sistemi bu virusa hazır deyildi. Hesab edirəm ki, nəinki Avropa ölkələri, ümumilikdə bütün dünya bu pandemiyaya hazır deyildi.
- Koronavirusa görə neçə saatlıq iş qrafiki ilə çalışırsınız?
- Normal iş saatım həftə ərzində 36 saat idi. Lakin ötən həftə 72 saat işdə olmuşam. Bu da tibb heyətinin azlığından irəli gəlir. Bizdə maaş artımı olmadı. Çünki normal iş rejimində artıq işlədiyimiz saatları hökumət 60% əlavə ilə bizə ödəyirdi. İndi isə bu artım 100 faiz həcmində ödənilir. Vəziyyət bu gün elədir ki, hazırda yaşla əlaqəli təqaüdə göndərilən işçilər də geri çağırılır. Eyni zamanda, könüllülər də bu işə cəlb olunur. Ölkə başçısının yeni qərarına əsasən həftənin 1-ci günündən etibarən bütün tibb işçiləri virusa qarşı test olunacaq.
- İşlədiyiniz klinikada daha çox yaşlılar müalicə alır. Onlar arasında virusa yoluxanlar varmı?
- Bizim klinikada müalicə olunan yaşlı pasiyentlərdən bu günə kimi ölən olmayıb. Ümid edirəm ki, belə də davam edəcək. Ümumilikdə isə bu günə qədər klinikada 9 koronavirus xəstəsi olan yaşlılar aşkarlanıb. Onlardan biri 69, digəri 72, qalanları isə 80-85 yaş aralığında olub. Xəstəlik aşkarlanan şəxslər dərhal bizim klinikadan götürülərək xəstəxanaya yerləşdirilir.
- Sizin fikrinizcə, Niderlandda insanların neçə faizi bu virusa yoluxacaqlar və bu, hansı müddəti əhatə edəcək?
- Niderland hökumətinin səhiyyəsinin verdiyi proqnoza görə ölkədə yaşayan 17 milyon əhalinin 75%-i bu virusa yoluxacaq. Ölkə virusa yoluxma göstəricisinə görə Çindən, Almaniyadan sonra təqribən 7-8-ci sıradadır. Hələlik xəstə sayına görə pik həddə çatmamışıq. Növbəti iki həftə ərzində bu məsələ bilinəcək.
- İddia olunur ki, payızda virusun ikinci dalğası gələcək və bununla bağlı nə düşünürsünüz?
- Bu barədə nəsə deyə bilmərəm. Ancaq hesab edirəm ki, hazırda olan birinci dalğa dünya əhalisi üçün olduqca dağıdıcı təhlükədir. Çox qorxunc fəlakətlə üz-üzəyik .
- Bu virusun daşıyıcısı olanlar necə yoluxduqlarını bildirir? Niderlandda hansı hallarda xəstələr karantinə alınır?
- Çox xəstə özü də bilmir ki, koronavirusa nədən və necə yoluxublar. Niderlandda Azərbaycan və Türkiyədəki kimi insanlar yüngül keçən xəstəlik simptomları ilə dərhal test edilmir. O zaman koronavirus testi edilir ki, vəziyyət artıq çox kritikdir. Əvvəlcə zəng edilir və xəstəliyin bütün simptomları soruşulur ki, əgər ağrılar dözüləcək səviyyədədirsə və ölüm təhlükəsi yoxdursa evdə qalıb vəziyyət ağırlaşana kimi gözləməlisən. Burada belə sistemdir və evdə izolyasiya olunmağı üstün tuturlar.
Bu virusda yaş həddinin fərqi yoxdur. 0-95 yaş aralığında olan şəxslərdən virusa yoluxanlar var. Amma hökumət çalışır ki, onlar mümkün olduğu qədər evlərində izolyasiya olunsun. O insanlar xəstəxanaların infeksiya şöbələrinə yerləşdirilir ki, kritik haldadırlar. Çünki ölkə səhiyyəsi bu virusa hazır deyildi. İki həftə bundan əvvələ qədər 1 100 çarpayılıq infeksiyalı xəstələr üçün yerlər var idi. Bu rəqəm 1 600-ə qədər artdı. Bu yaxınlarda ölkə başçısı qərar verdi ki, çarpayıların sayı 2 600-ə qədər artırılsın. Çünki xəstəxanalarda yer yoxdur. Hazırda belə sistem yaradılır ki, ölkədə yaşlılar üçün olan hotel sırf koronavirusdan əziyyət çəkən xəstələr üçün ayrılacaq. Bundan sonra xəstəxanalarda yer olmayanda xəstələr həmin hotelə yerləşdiriləcək.
- Maska və əlcəklərdən istifadə nə qədər effektlidir? Başqa hansı qoruyucu vasitələr tövsiyə edərdiniz?
- Maska və əlcəklərdən, eləcə də başqa qoruyucu vasitələrdən mütləq istifadə etmək lazımdır. Eyni zamanda tez-tez əl və üzləri yumaq, ağız və burunu qarqara etmək virusdan qorunmaq üçün ən böyük vasitələrdir. Hər kəs də bu qaydalara əməl etməlidir. Adi qripə yoluxma hallarında da koronavirus olmağını bilmədiyi təqdirdə evdə də olanda mütləq qoruyucu maskalardan istifadə edilməlidir.
- Hansı gigiyenik qaydalara əməl edilməsi daha vacibdir? Əllərin daha çox yuyulması yetərli olurmu?
- Virusdan qorunmaq üçün tələb olunan bütün qaydalara əməl etmək lazımdır. Misal olaraq, ərzaq alınması üçün marketə gedib gəlmisənsə geyindiyin ayaqqabıları plastik torbaya qoyub yenidən onu çölə çıxanda geyinəsən. Yəni bir də başqa ayaqqabı geyinib çölə çıxmayasan. Əllər tez-tez yuyulmalı, çoxlu maye qəbul etməli, adi su ilə də ağız və burun boşluğunu qarqara etmək olar. İnsanlar var ki, çoxlu duzlu su və ya sirkə ilə qarqara edirlər. Qəti şəkildə belə etmək lazım deyil. Çünki ağız və burun boşluğunda olan yaxşı bakteriyalar da sirkə vasitəsilə məhv edilmiş olur. Bu zaman da ağız və burun boşluğu digər viruslara qarşı həssas və açıq olur.
- İnsanlar bu gün hesab edir ki, sarımsaq, soğan, zəncəfil və digər təbii yollarla virusa yoluxmağın qarşısını ala bilərlər. Bu kimi fikirlər nə qədər reallığı əks etdirir?
- Hər kəsin orqanizminin immun sistemi fərqlidir. Qadın və kişidə ayrıdır. Hətta qadınlarda kişilərə nisbətən daha aktivdir. Sarımsaq, soğan, zəncəfil və digər bu kimi təbii vasitələr sadə üsullardır. Bunların yoluxmanın qarşısını ala biləcək sübutları yoxdur. Dünya səhiyyə sistemi bu virusun nədən qaynaqlandığını tapmayıb və vaksini də yoxdur. Hətta virusla necə mübarizə aparmaq yollarını da bilmir. Kimin immun sistemi güclüdürsə virusa davam gətirə biləcək, əksi olduğu təqdirdə həmin şəxslər daha çox əziyyət çəkəcək.
- Siz özünüz və ailənizi hansı formada qoruyursunuz? İlk günlərdən nə kimi qabaqcıl tədbirlər görürdünüz?
- Hələ məktəblər bağlanmazdan əvvəl virusun təzə başladığı dövrdə uşaqlarımın xəstə olduğunu deyib dərsə göndərmədim. 3 həftədir ki, uşaqlarım evdədir. Məndən başqa da heç kimlə ünsiyyətdə olmayıblar. Evə gedəndə də ayaqqabılarımı çıxarıb çöldə plastik torbaya qoyuram. Gödəkçəmi də hər zaman asdığım yerə deyil başqa yerə qoyuram. Dərhal paltarlarımı çıxarıb 60 dərəcədə yumağa qoyuram və özüm də duş qəbul edirəm. Yalnız bundan sonra uşaqlarımla söhbət edirəm.