TƏBİB-in və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Xızı rayonunda Qərbi Azərbaycandan deportasiya olunmuş qaçqınların tibbi müayinəsi baş tutub.
"Report" xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının iştirakı ilə TƏBİB-in tabeliyində olan və müxtəlif profilli həkimlərdən ibarət tibbi briqadalar rayonun Yeni Yaşma qəsəbəsində məskunlaşan qaçqınlar üçün səyyar tibbi müayinə həyata keçirib.
Müxtəlif yaş qruplarından olan sakinlərin tibbi müayinələrə İcmanın Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı və TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova rəhbərlik edib.
Millət vəkili belə bir humanist layihənin həyata keçirilməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sağlamlığının mühafizəsi sahəsində görülən işlərin məntiqi davamı kimi qiymətləndirib.
Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, nevroloq, pediatr, oftalmoloq, cərrah və s. digər ixtisaslı tibbi heyət tərəfindən sakinlər müayinə olunub.
Müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə müvafiq tövsiyə və məsləhətlər verilib.
Qeyd edək ki, tibbi müayinələr zamanı bütün xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanıb.
Müayinələrdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova və TƏBİB nümayəndələri, eyni zamanda Universal Hospitalın oftalmoloqlardan ibarət tibb heyəti də fəal iştirak edib.
Qəsəbə sakinləri müayinələrdən məmnun qaldıqlarını və bu cür təşəbbüslərin davamlı olmasını arzulayıblar. Onlar fürsətdən istifadə edib, Qərbi Azərbaycana qayıdışı böyük inam və ümidlə gözlədiklərini bildiriblər.
Müayinələrdən sonra isə tədbir təşkilatçıları olan Qərbi Azərbaycan İcması və TƏBİB nümayəndələri birlikdə Yeni Yaşma qəsəbəsində yaşayan şəhid ailələrinə baş çəkiblər. Azərbaycanın müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda canlarını fəda etmiş əzizlərinin xatirəsini daim yaşadan ailələrə diqqət və qayğı göstərmək, onların cəmiyyətin unudulmaz bir parçası olduğunu vurğulamaq tədbirin əsas məqsədlərindən biri olub. Ziyarət zamanı şəhid ailələrinə müxtəlif sovqatlar təqdim olunub.
Qərbi Azərbaycan İcması və TƏBİB-in təşkil etdiyi bu müayinələr sadəcə bir sağlamlıq tədbiri deyil, həm də həmrəylik nümayişidir.