Türkiyə Böyük Millət Məclisi (TBMM) martın 13-dən 31-dək ziyarətçi qəbul olunmaması barədə qərar qəbul edib.
“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Qeyd edək ki, martın 12-də Türkiyədə prezidentin sədrliyi ilə koronavirusla bağlı müşavirə keçirilib. Müşavirədə Rəcəb Tayyib Ərdoğanın səfərlərinin təxirə salınması, bütün təhsil müəssisələrinin bağlanması, bütün kütləvi tədbirlərin keçirilməsinin təxirə salınması haqqında qərar qəbul edilib.
Eyni zamanda dövlət məmurlarının xarici ölkəyə istənilən səfəri rəsmi olaraq dayandırılıb.
Bu günədək Türkiyədə 2 nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 930-a çatıb. Bunların 70 396 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.