Rusiyada “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin ifadələri silahlı üsyana təhrik maddəsi ilə cinayət işinin başlanması üçün əsas olub.
“Report” xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsindən məlumat verilib.
Komitə Priqojini qanunsuz hərəkətlərə son qoymağa çağırıb:
“Yevgeni Priqojinin adından yayılan iddiaların heç bir əsası yoxdur. Bu bəyanatlarla əlaqədar Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Biz qanunsuz hərəkətlərə dərhal son qoyulmasını tələb edirik”.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinə Priqojin ətrafındakı vəziyyət barədə məlumat verilib, bütün lazımi tədbirlər görülür.
Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb.