Ukrayna Milli Polisinin Baş Cinayət Axtarış Departamentinin rəisi, polis generalı Vadim Dzyübinskin "Report"un Şərqi Avropa bürosuna müsahibəsində müharibə dövründə baş verən cinayətlər, beynəlxalq axtarışa verilən şəxslər, diversiya əməlləri və s. məsələlər barədə danışıb.
- Müharibə zamanı baş verən cinayətlərin statistikası necədir? Hansı faktlar üzrə daha çox cinayət işi qaldırılıb?
- Biz müharibə ilə əlaqəli cinayətləri və digər bu kimi halları ayırırıq. Əgər ümumi cinayətkarlıqdan danışırıqsa, o zaman əvvəlki illərlə müqayisədə bir qədər azalma tendensiyası müşahidə olunur. Cinayət Axtarış İdarəsinin işlədiyi əsas istiqamətlər və cinayət növləri haqqında danışsaq, ötən illə müqayisədə ümumi azalma təxminən 5% təşkil edir. Bunlar qəsdən adam öldürmələr, oğurluq və xüsusilə ağır cinayətlərdir. Bütün cinayət növləri üzrə qeydiyyatın azalması dinamikası fərqlidir, lakin bütün növ cinayətlər üzrə ümumi cinayətlərin qeydiyyatında azalma müşahidə olunur. Məsələn, 2024-cü ildə qəsdən adam öldürmə, ayrı-ayrı cinayət kateqoriyası olan sağlamlığa ağır zərər vurma, zorlama, yetkinlik yaşına çatmayanlarla bağlı cinayətlərin sayında azalma müşahidə olunub. Cinayətlərin dinamikası, azalması ilə maraqlanırsınızsa, məsələn, vətəndaşların evlərindən, yəni mənzillərdən, yaşayış yerlərindən oğurluqlar ildə 4500 fakt, nəqliyyat vasitələrinin qanunsuz ələ keçirilməsi – 423 fakt, silahlı quldurluq – 78 fakt azalıb. Düzdür, təbii ki, obyektiv və subyektiv səbəblər var və aydındır ki, komendant saatının tətbiqi, şəhərlərimizin küçələrində patrulların çoxluğu, postların çoxluğu küçə cinayətlərinə xüsusi təsir göstərir. Yəni biz indi cinayətin azaldığını müşahidə edirik.
Düzdür, təbii ki, obyektiv və subyektiv səbəblər var və aydındır ki, komendant saatının tətbiqi, şəhərlərimizin küçələrində patrulların çoxluğu, postların çoxluğu küçə cinayətlərinə xüsusi təsir göstərir. Yəni biz indi cinayətin azaldığını müşahidə edirik.
Ərazilərin işğalından sonra vətəndaşlar Rusiya Federasiyasının hərbçiləri tərəfindən zorlama faktları ilə bağlı bizə müraciət edirlər. İndi dəqiq rəqəm deyə bilməcəyəm, amma faktlar kifayət qədərdir. Bu cür faktlar hazırda işğal altında olan ərazilərdə də baş verir.
- Müharibə müddətində beynəlxalq axtarışa verilənlər varmı?
-Əlbəttə. Biz daim belə cinayətkarları müəyyənləşdiririk. İndi bizim Departamentdə xüsusi olaraq müharibə cinayətləri ilə məşğul olan ayrıca şöbəmiz var. Hazırda biz bu cür cinayətləri törətmiş Rusiya Federasiyasının hərbçilərinin konkret üzvlərinə qarşı bir neçə cinayət işi aparırıq. Biz bu cür materialları beynəlxalq tərəfdaşlara, o cümlədən onları axtarışa elan etmək üçün veririk.
- Diversiya qruplarının hücumları nə dərəcədə aktivdir? Hədəf olaraq daha çox hansı yerləri seçirlər?
- Biz başa düşməliyik ki, Rusiya xüsusi xidmət orqanlarının - FTX və digərlərinin diqqəti daim dəyişir. Başa düşürük ki, demarkasiya xəttində və cəbhə xəttində dəqiq fəaliyyət göstərən fəal diversiya qrupları var. Onlarla hərbçilər və polis məşğul olur. Hər şey rele şkaflarının yandırılması ilə başladı. Sonradan onlar hərbi maşınları, eləcə də Müdafiə Qüvvələrinə aid maşınları yandırmağa başladılar. Əslində, yeni təxribat növü partlayıcı qurğuların quraşdırılması, Ərazi Komplektləşdirmə Mərkəzinin inzibati binalarını partlatmağa cəhd, və polis bölmələrinin yaxınlığında partlayıcı qurğuların işə salınmasıdır. Ötən il 7 belə hadisə baş verib və onların hamısının üstü açılıb. Bütün cinayətkarlar saxlanılıb və bu diversantlarla Rusiya Federasiyasının xüsusi xidmət orqanları arasında əlaqə də təsdiqlənib. Polis kaloborasiya fəaliyyətilə məşğul olan 2968 nəfəri saxlayıb.
- Ukrayna polisi hansısa ölkə ilə təcrübə mübadiləsi aparmağı planlaşdırırmı? Məsələn, Azərbaycanla.
- Hərbi vəziyyət başa çatdıqdan sonra ölkədə kriminal vəziyyət müəyyən müddətə ağırlaşa bilər və polis bunun baş verməməsi üçün bütün tədbirləri görür. Biz başa düşürük ki, dövlətimizin və cəmiyyətimizin üzləşə biləcəyi əsas problem hərbi vəziyyət başa çatdıqdan sonra vətəndaşlarımızın əlindəki qanunsuz dövriyyədə olan odlu silahların miqdarıdır. Biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Birincisi, polis digər hüquq-mühafizə orqanları ilə birlikdə hər gün vətəndaşların əlində olan odlu silahların, külli miqdarda silah-sursat anbarlarının aşkar edilməsi istiqamətində iş aparır, həmçinin cəbhə xəttindən dinc ərazilərə silah-sursat ötürülməsi kanallarını müəyyən edir və bağlayır.
Mühüm addımlardan biri də dünyada ilk belə presedentdir. Ölkəmizdə hərbi vəziyyət dövründə faktiki olaraq qanunsuz olaraq vətəndaşların əlində olan odlu silahların bəyan edilməsi ilə bağlı qanunun qəbul edilməsidir. Yəni, əlində qeydiyyatsız odlu silahı olan hər bir şəxs polisə gəlib bu silahı bəyan edə bilər. Polis bu silahı müsadirə etmir, onu nəzərə alır və hərbi vəziyyət müddətində vətəndaşın ixtiyarında saxlayır ki, ondan Rusiyanın hərbi təcavüzünə qarşı istifadə edə bilsin.
Üstəlik, dövlət hərbi vəziyyət başa çatdıqdan sonra, yəni hərbi əməliyyatlardan sonra insana silahı özündə saxlamaq, leqallaşdırmaq imkanı və hüququ verir. Etməli olacaqları yeganə şey hər hansı bir silahın qeydiyyata alınması üçün standart prosedurları yerinə yetirmək və qanuna uyğun olaraq həyata keçirməkdir. Mülki şəxslər avtomat silahlara və ya tüfəngə sahib ola bilməzlər, ona görə də onları tək atəş açacaq silahlara çevirmək lazımdır. Əgər bunlar tüfəngdirsə, o zaman həm də bu silahları insanların saxlamaq hüququna malik olduğu standartlara və normalara uyğunlaşdırmaq, yəni insanları silahları qanunsuz dövriyyədən, kölgədən çıxarmağa yönləndirmək lazımdır. Qanun yalnız ötən ilin noyabrında qüvvəyə minib və o vaxtdan indiyədək bizə 3873 nəfər müraciət edib, onlar 4239 ədəd odlu silah və bu silaha dair 1 milyon 157 min ədəd patron bəyan edib. Yəni, insanlar qanunsuz silah saxlamağa görə məsuliyyət daşımaq istəmədiklərini başa düşərək polisə gəliblər.
Silah bəyan edilmədiyi halda, polis və ya digər hüquq-mühafizə orqanları onları vətəndaşın əlində aşkar edərsə, o, qanunsuz silah saxlamağa görə Ukrayna Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaq. Müqayisə üçün qeyd edək ki, ötən il polis 4738 odlu silahı dövriyyədən çıxarıb. Yəni, bir il ərzində faktiki olaraq üç ayda qeydə alınandan 500 ədəd çox müsadirə edilib. Cəmiyyətimiz, vətəndaşlarımız polisə, dövlətə güvənir, qanunsuz olan odlu silahları kölgədən çıxarırlar. Bu, hərbi vəziyyət başa çatdıqdan sonra gələcəkdə küçələrimizin və vətəndaşlarımızın daha təhlükəsiz olması, silahların qanunsuz dövriyyəyə buraxılmaması üçün atdığımız addımlardan biridir.
Biz bütün tərəfdaşlarımızla, ilk növbədə avropalılarla daim əməkdaşlıq edirik. Əminəm ki, dövlətimizin rəhbərliyi hazırda hərbi əməliyyatlarda iştirak edən hərbçilərin təcrübəsindən bundan sonra da istifadə edəcək. İlk növbədə dövlətimizi qorumaq üçün zəruridir. Çünki başa düşürük ki, hərbi vəziyyət bitdikdən sonra da onun yenidən başlamayacağına zəmanət yoxdur.
İkincisi, bizim ordunun təcrübəsi təkcə bizim dövlətə deyil, digər dövlətlərə də lazımdır. Deməli, heç kim ordunu öz taleyinə buraxmayacaq. Demək olmaz ki, mütəşəkkil cinayətkarlıq yoxdur, amma imkan daxilində onun qarşısı alınır. Banditizmin mövcud olması üçün mütəşəkkil cinayətkarlığın iyerarxik quruluşu olmalıdır. Hazırda bizdə “qanuni oğru” institutu yoxdur. İki “qanuni oğru” istintaqa cəlb olunub və nəzarətdə saxlanılır. Qalan bütün “qanuni oğrular” ya Türkiyədə, ya da başqa ölkələrdədir. Əminliklə deyirəm ki, burada quldurluğa yol verilməyəcək. Biz bu quldurluğun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Biz Sovet İttifaqı deyilik və indi postsovet dövrü deyil, Əfqanıstan da deyil, tamamilə fərqli bir cəmiyyətdir. Müharibədən sonrakı proqram anlayışı var. Hesab edirəm ki, Azərbaycanla əməkdaşlıq üçün yer var, çünki biz hamı üçün açığıq.
- Avropa İttifaqına üzvlüyə namizəd olan Ukraynada polis islahatları necə gedir? Hansı proqramlardan istifadə edirsiniz?
- Polis islahat mərhələsindədir. İslahatlar aparılır. Biz tam şəkildə Ukrayna qanunvericiliyinin, yəni cinayət qanunvericiliyinin, o cümlədən əməliyyat-istintaq fəaliyyətinin həyata keçirilməsinə, onun Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmasına başlayırıq.
Biz, məsələn, videomüşahidə sistemindən başlayaraq, ərazidə asayişi təmin etmək üçün daim müxtəlif sistemlər inkişaf etdiririk. Hazırda bizdə Təhsil Təhlükəsizliyi Xidməti proqramı mövcuddur. Bu, təhsil müəssisəsinin ərazisində gələcək nəslimizin təhlükəsiz təhsil alması üçün təhlükəsiz mühiti təmin edən təhsil mühafizəsi əməkdaşının məktəbdə olmasını nəzərdə tutur.
2024-cü ildə dövlət ərazisində hərbi əməliyyatlarla bağlı olmayan 1100 qətl törədilib, onlardan 6-sı açılmayıb. Təsəvvür edin, 1100 cinayətdən yalnız 6-sı açılmamış qalıb. Əgər zorlamadan danışırıqsa, demək olar ki, 100% aşkar edilib. Yəni bütün cinayətkarlar müəyyən edilib, tapılıb, məsuliyyətə cəlb olunacaq. Polis əməkdaşları vətəndaşların təxliyəsi, ərzaq və dərmanların, o cümlədən cəbhədəki təmas xəttinə çatdırılması ilə məşğuldur. Bizim işimizin nəticələri əcnəbi həmkarlarımızı təəccübləndirir, onlar bizim təcrübəmizdən istifadə edirlər.
Bütün sistemi tək-tük xoşagəlməz faktlara əsaslanaraq mühakimə etmək olmaz. Mənim üçün vacib olan Ukrayna vətəndaşlarının sülh şəraitində yaşaması və onların təhlükəsizliyidir. Biz həqiqətən açığıq və hər zaman kömək etməyə hazırıq.