Tbilisidə Qərbi Azərbaycan, soyqırımı və mina probleminə dair konfrans keçirilib

Tbilisidə Qərbi Azərbaycan, soyqırımı və mina probleminə dair konfrans keçirilib Tbilisidə Qərbi Azərbaycan, soyqırımı və mina probleminə dair konfrans keçirilib
Region
8 aprel 2025 16:34
Tbilisidə Qərbi Azərbaycan, soyqırımı və mina probleminə dair konfrans keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”, “Qərbi Azərbaycan - Geri qayıtmaq hüququ: Ermənistandan zorla qovulmuş azərbaycanlılar üçün ədalətin təmin edilməsi” və “Azərbaycanda minalardan təmizləmə: prioritetlər və ehtiyaclar” mövzularına həsr olunmuş konfrans keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Gürcüstanda akkreditasiya olunmuş səfirlər, ekspertlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək qeyd olunan mövzularla bağlı fikirlərini bildirib.

“Ermənistanın Azərbaycan torpaqlarına qarşı mina terroru hələ də davam edir. Ötən 8 gün ərzində işğaldan azad edilmiş ərazilərdə 4 mina hadisəsi qeydə alınıb. Bu, işğalçının 30 ildən artıq müddət ərzində həyata keçirdiyi mina siyasətinin nəticələrinin hələ də davam etdiyini göstərir", - səfir vurğulayıb.

O, Gürcüstanın 2021-ci ildə mina xəritələri ilə bağlı vasitəçilik təşəbbüsünə görə təşəkkürünü də bildirib: “Bu təşəbbüs, Azərbaycan ilə Gürcüstan arasındakı mövcud qardaşlıq əlaqələrinin parlaq nümunəsidir və regionla sülhə və qarşılıqlı dəstəyə olan ortaq bağlılıqları aydın şəkildə nümayiş etdirir.”

Faiq Quliyev sonda Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtma hüququ, həmçinin Qarabağda azad edilmiş ərazilərə geri dönmə və Azərbaycanın davamlı bərpası mövzularına da toxunub.

Daha sonra 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir film nümayiş etdirilib.

Filmdə Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların acı taleyi, ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qırğınlar və soyqırımılar ətraflı şəkildə təqdim edilib.

Konfrans, beynəlxalq dialoqun təşviqi və müvafiq həllərin tapılması mövzusunda panel müzakirələrlə davam edib. Tarixçi alimlər Badri Naçkebia, Quram Marxuliya və Teymur Paçulias Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi qəddarlıq və erməni millətçilərinin fəaliyyətlərinə dair fikirlər səsləndiriblər.

Tədbir çərçivəsində, həmçinin Qərbi Azərbaycana qayıdış ideyasını və bölgənin tarixi reallıqlarını əks etdirən sənədli film nümayiş olunub.

Orphus sistemi