Gürcüstanın Bolnisi rayonunun Naxiduri kəndində vəziyyət gərginləşib.
“Report”un yerli bürosu xəbər verir ki, sakinlər iki yeniyetmənin həyatını itirməsinə səbəb olan avtomobilin sürücüsünün törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı etiraz aksiyası keçirirlər.
Əraziyə xüsusi təyinatlılar cəlb edilib, vəziyyət gərgin olaraq qalır.
Marneuli-Bolnisi yolunda baş verən ağır qəzadan sonra yerli sakinlərin etirazına səbəb olan əsas səbəb təcili tibbi yardım briqadasının hərəkəti olub. İddialara görə, tibbi yardım maşını vurulan iki azərbaycanlı yeniyetməyə kömək etmək əvəzinə, hadisəni törədən və sərxoş vəziyyətdə olduğu bildirilən gürcü sürücüyə, onunla birlikdə olan şəxslərə yardım göstərməyə üstünlük verib. Yerli sakinlərin kəskin narazılığı və təcili tibbi yardım maşınının çevirməsi də bu səbəbə görə olub. Etirazçılar ədalətin təmin edilməsini və hadisəyə obyektiv yanaşılmasını tələb edirlər.
Sakinlər bildirirlər ki, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edirmiş. Onlar təcili yardım avtomobilini də aşırıblar. Həmin avtomobildə hadisəni törədən sürücünün gizləndiyi iddia edilir, həmçinin yeniyetmələri aparan avtomobilə də müdaxilə olunub.
Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Kvemo-Kartli Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Marneuli-Bolnisini birləşdirən yolda yol-nəqliyyat hadisəsini törətmiş sürücü, 2003-cü il təvəllüdlü T.Ç saxlanılıb.
Qeyd edək ki, hadisə zamanı 15 yaşlı Elçin Binnətov və həmyaşıdı Sinan Şərifov ölüblər.
Hadisə ilə bağlı araşdırma aparılır.