Rəsmi Bakı və İrəvan ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşdə sülh müqaviləsinin iki maddəsini razılaşdırıb.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət nazirinin müavini Leo Doçerti ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O bildirib ki, digər maddələr ətrafında səmimi danışıqlar olub: “Biz qalan maddələr haqqında səmimi danışa bildik. Danışıqlar zamanı tərəflərin bir-birini daha yaxşı başa düşdüklərini də qeyd etmək istərdim”.
A.Mirzoyan əlavə edib ki, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birindən çox uzaqdır.
Nazir bildirib ki, dövlət sərhədinin delimitasiyası məsələsində müəyyənlik Ermənistan üçün vacibdir. Onun sözlərinə görə, regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsində Bakı və İrəvanın mövqeləri yaxındır.
Qeyd edək ki, mayın 14-də Vaşinqtonda ABŞ-ın dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.