Mariupol və Volnovaxa şəhərləri istisna olmaqla, Ukraynanın Donetsk vilayətində indiyədək 1 436 dinc sakin həlak olub, 3 434 nəfər yaralanıb.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib
“Baxmut, Avdiivka və Vuhledar ən qaynar nöqtələr olaraq qalmaqda davam edir. Ən qanlı döyüşlər bu istiqamətlərdə gedir. Baxmut təkcə Rusiyanın qarşısının alınmasında deyil, həm də Rusiya muzdlularının və hərbçilərinin məhv edilməsində ən mühüm nöqtədir. Bu şəhər ayaqdadır və döyüşməkdə davam edir. Mariupol və Volnovaxa istisna olmaqla, Donetsk vilayətində indiyədək 1 436 mülki şəxs həlak olub, 3 434 şəxs yaralanıb. Qeyd olunan 2 şəhərdə ölənlərin sayı və Rusiya tərəfinin törətdiyi cinayətləri biz yalnız həmin ərazilər işğaldan azad edildikdən sonra müəyyən edə bilərik”, - o qeyd edib.
Onun sözlərinə görə, şiddətli döyüşlərin getdiyi Baxmut şəhərinə giriş, həmçinin təxliyə işləri dayandırılıb:
“Rusiyanın planlarının həyata keçirilməsinin qarşısını alan Baxmutda amansız döyüşlərin getməsi səbəbindən hazırda bu şəhərə giriş və oradan təxliyə işləri dayandırılıb. Şəhər, demək olar ki, tamamilə məhv edilib, onun müəyyən məhəllələrində və ətrafında aktiv döyüşlər gedir. Əlçatan olan cəbhə xəttində humanitar fəaliyyət davam etdirilir. Humanitar yardımın, ərzaq məhsullarının və gigiyena vasitələrinin çatdırılması ştat rejimində gerçəkləşdirilir. Bu fəaliyyət yüksək səviyyədə həyata keçirilir. Cəbhə xəttindən uzaq şəhərlərə gəlincə, bu da şərti məsələdir, çünki cəbhədən 20 km uzaqlıqda yerləşən şəhər artıq cəbhə xəttindən uzaq məntəqə hesab olunur”.
Hərbi administrasiyanın rəhbəri vurğulayıb ki, həmin şəhərlərdə salamat qalmış obyektlərin fəaliyyəti davam etdirilir:
“Yerlərdə hərbi administrasiyalar fəaliyyət göstərir. Onlar yerlərdə qanunla müəyyən edilmiş səlahiyyətlərini icra edirlər”.