Donbasda döyüşən azərbaycanlı polislər: “Dəfələrlə təhlükə ilə üz-üzə qalmışıq” - REPORTAJ

Donbasda döyüşən azərbaycanlı polislər: “Dəfələrlə təhlükə ilə üz-üzə qalmışıq” - REPORTAJ Ukraynada Rusiyaya qarşı müharibədə azərbaycanlılar da fəal şəkildə işğalçıya qarşı döyüşür, qəhrəmanlıq göstərirlər. Soydaşlarımız ən müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanlarında da xidmət göstərir, ölümlə üzləşirlər. Məsələn, Donbas əyalət
Region
30 Oktyabr , 2023 15:35
Donbasda döyüşən azərbaycanlı polislər: “Dəfələrlə təhlükə ilə üz-üzə qalmışıq” - REPORTAJ
Nurlan Nuriyev

Ukraynada Rusiyaya qarşı müharibədə azərbaycanlılar da fəal şəkildə döyüşür, qəhrəmanlıq göstərirlər. Soydaşlarımız ən müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanlarında da xidmət göstərir, ölümlə üzləşirlər. Məsələn, Donetsk vilayətinin Pokrovsk şəhər polisləri - əslən Azərbaycanın Lənkəran şəhərindən olan Nurlan Nuriyev və qardaşı Rasim Nuriyev döyüşlərdə ağır yaralanıb.

Sağalaraq xidmət yerinə başına qayıdan Nurlan Nuriyev "Report"un Şərqi Avropa bürosunun Donbasa ezam olunmuş əməkdaşına bildirib ki, Ukraynada doğulub boya-başa çatıb və 6 il əvvəl qardaşı ilə birlikdə polis kimi fəaliyyətə başlayıb:

"Bilirdik ki, qabiliyyətimiz, fiziki imkanlarımız bu sistemdə işləməyimizə imkan verəcək. Əslində, uşaqlıqdan polis olmaq arzusunda olmuşuq. 2014-cü ildən bəri Donetsk vilayətində hərbi əməliyyatlar davam edir. Buna görə də çətinliklərə öyrəşmişik. Nəticədə stressə davamlılığımız buna uyğun formalaşıb. Odur ki, belə şəraitdə işləmək bizim üçün normaldır".

Əlahiddə Çevik Polis Alayında kiçik inspektor kimi çalışan N.Nuriyev əsasən mülki vətəndaşlarla ünsiyyətdə olduğunu bildirib. O Ukraynanın “Müstəqillik Günü” medalı ilə təltif olunub, həmçinin polis əməkdaşları arasında sambo, futbol, peyntbol üzrə keçirilən yarışlarda uğurla iştirak edib:

"Həm işimi layiqincə yerinə yetirdiyimə, həm də idman sahəsində qazandığım uğurlara görə medallarla təltif olunmuşam".

N.Nuriyev bildirib ki, ukraynalılar bu sahədə çalışan azərbaycanlılara yaxşı münasibət bəsləyirlər:

"Çünki soydaşlarımız – azərbaycanlılar bu işə çox ciddi yanaşır və öz vəzifələrini layiqincə yerinə yetirirlər. Başa düşürük ki, həm də Azərbaycanı təmsil edirik və əsl azərbaycanlı kimi öz işimizə çox ciddi yanaşmalıyıq. Hüquq-mühafizə orqanlarında çoxlu sayda azərbaycanlı çalışır və Kiyevdə yüksək vəzifələrdə çalışan soydaşlarımız da var".

Nurlanın qardaşı Rasim Nuriyev də Əlahiddə Çevik Polis Alayında kiçik inspektordur. O bu yaxınlarda yaralanıb və hazırda xəstəxanada müalicə alır.

Namiq Dünyamalıyev isə əslən Beyləqan rayonundandır. 1993-cü ildə Ukraynada Polis Akademiyasını bitirən həmyerlimiz hazırda Ukraynanın Donetsk vilayətinin Baxmut ilə qonşu Torets şəhərində baş müstəntiqidir. O da dəfələrlə təhlükə ilə üz-üzə qaldığını vurğulayıb:

Namiq Dünyamalıyev
Namiq Dünyamalıyev

"Demək olar ki, işlədiyim şəhərin yarısı dağılıb. Dəfələrlə təhlükə ilə üz-üzə qalmışıq. Amma bu bizə mane olmur. Xidməti davam etdiririk".

N.Dünyamalıyev Azərbaycanı qələbə münasibətilə təbrik edib:

"Biz fəxr edirik. Burada işlədiyimiz, olduğumuz yerdə daim Azərbaycanın həqiqətlərini qaldırırıq", - deyə Namiq Dünyamalıyev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi