TÜİB sədri: Qarabağda tekstil sahəsində 10 minə yaxın insanı işlə təmin edəcək layihəmiz var
- 17 dekabr, 2025
- 20:44
Qarabağda tekstil sahəsində 5-10 min civarında insanı işlə təmin edəcək layihəmiz var.
Bunu Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat "Report"un Türkiyə bürosuna açıqlamasında bildirib.
O deyib ki, hazırda Türkiyədə tekstil sektorunda daralma var və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu sahənin istehsalının inkişaf etdirilməsi imkanları genişdir.
Azərbaycanla Türkiyə arasında iqtisadi-ticari əlaqələrin iki ölkə liderləri arasında yüksəksəviyyəli qarşılıqlı münasibəti tam əks etdirməsinin vacibliyini vurğulayan H.Büyükfırat deyib ki, TÜİB və Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) olaraq Türkiyədən və digər ölkələrdən respublikaya mümkün qədər çox investor cəlb etməyə çalışırlar.
O, Türkiyə ilə Azərbaycanın bu ilin ilk üç rübündə ticarət dövriyyəsini 7 milyard dollara çatdırdığını da qeyd edib: "Bu göstəricini artırmaq üçün əsas türk şirkətləri, investorları və holdinqlərinin diqqətini Azərbaycana cəlb edilməsini istəyirik. İki qardaş dövlət arasında ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmağa səy göstəririk".