Kürdəmirdə üç şəhidin anım mərasimi keçirilib
- 04 oktyabr, 2021
- 12:45
Kürdəmirdə Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Novruzov Pərviz Natiq oğlunun, Dadaşov Nurlan Səyyad oğlunun və Ülvi Maxsud oğlu Azayevin ildönümünə həsr olunmuş “Şəhidlərimiz hər an bizim qəlbimizdədir” adlı anım tədbiri keçirilib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhid Novruzov Pərviz Natiq oğlunun ildönümünə həsr olunmuş tədbir Kürdəmir rayon ictimaiyyətinin iştirakı ilə rayonun Ərəbxana kəndində, şəhid Nurlan Dadaşovun anım mərasimi rayonun Qarasaqqal kəndində, şəhid Ülvi Azayevin anım tədbiri isə rayonun Ərəbqubalı kəndində yerləşən qəbiristanlıqda şəhidlərin məzarı önündə keçirilib.
Tədbirdə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Kürdəmir Rayon İcra Hakimiyyəti, YAP Kürdəmir rayon təşkilatının aparat işçiləri, rayonun fəal gəncləri, ağsaqqalları və ziyalıları iştirak ediblər.
Qeyd edək ki, şəhid Novruzov Pərviz Natiq oğlu - 02 fevral 2002-ci ildə Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olub. 2008-2019-cu illərdə Ərəbxana kənd Şəhid Mərdan Quliyev adına tam orta məktəbdə təhsil aıb. 2019-cu ildə Şamaxı Dövlət Regional Kollecinə daxil olub, I kursun 1-ci yarısını bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.
Pərviz Vətən müharibəsində göstərdiyi şəxsi qəhrəmanlığa, şücaətə görə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Dadaşov Nurlan Səyyad oğlu Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Nurlan Dadaşov Murov, Füzuli, Xocavənd və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. “Füzulinin azad olunmasına görə”, “Vətən uğurunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhid Azayev Ülvi Maxsud oğlu 2001-ci il dekabrın 4-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində anadan olub. Ü.Azayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Ülvi Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ülvi Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. “Vətən uğurunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.