“Ermənistan Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan bu müharibənin başa çatdığına inanır: “Təəssüf, Ermənistan tərəfinin addımlarından görünən odur ki, o, Azərbaycanla sülhün bərqərar olmaması üçün əlindən gələni edir. Amma biz sülhə nail olmaq imkanının itirilməsinə yol vermək istəmirik”.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan Ermənistana sülh sazişi imzalamağı təklif edib: “Bu proses ABŞ və bir sıra digər ölkələr tərəfindən dəstəklənir. Lakin ikinci mühüm mərhələ Qarabağ əhalisinin Azərbaycanın siyasi, iqtisadi və sosial spektrinə reinteqrasiyasıdır”.
“Təəssüf ki, Ermənistana tabe olan, onun tərəfindən maliyyələşdirilən və dəstəklənən separatçı qurumu görürük. Onlar boz zona statusunu saxlamaq və Azərbaycanın siyasi, sosial, iqtisadi həyatına reinteqrasiya olmamaq istərdilər”, - Prezidentin köməkçisi vurğulayıb.
O bildirib ki, Azərbaycan yeni yollar salıb, həmçinin onları ölkənin qalan hissəsi ilə birləşdirib: “Ermənistanı Qarabağla birləşdirən Laçın-Xankəndi yolu var. Amma logistika və nəqliyyat baxımından daha səmərəli, böyük potensiala malik, bütün Azərbaycan bazarlarına və qonşu ölkələrə birbaşa çıxışı olan Ağdam-Xankəndi yolu da var”.
H.Hacıyev əlavə edib ki, bu, reinteqrasiya prosesi üçün yaxşı imkandır: “Lakin qarşı tərəf inadla “yox” deyir”.
Onun sözlərinə görə, Azərbaycan suveren dövlət kimi artıq belə “boz zona”nın, yəni öz ərazisində başqa ölkənin hərbiləşdirilmiş və silahlı birləşmələrinin, eləcə də qanunsuz separatçı birləşmələrin olmasına yol verə bilməz. O, Azərbaycanın mülki əhalisinə raket və digər vasitələrlə təhdidlərin acınacaqlı təcrübəsinin olduğunu əlavə edib.
“Laçın yolu ətrafında yaranmış vəziyyətin əsas mahiyyəti də bundan ibarətdir. Amma təəssüf ki, beynəlxalq KİV-lərdə Azərbaycana qarşı stereotiplər və dezinformasiya kampaniyası bunu tamam başqa cür təqdim edir”, - H.Hacıyev bildirib.