Alman Bundestaqında təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının (AfD) 3 üzvü - Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər.
Azərbaycanın öz torpaqlarını işğaldan azadetmə və düşməni sülhə məcburetmə əməliyyatları keçirdiyi bir dövrdə işğal edilmiş ərazilərimizə səfər etmək beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə zidd olmaqla yanaşı, təcavüzkara qarşı rəğbətin nəticəsidir. Bəs hardan yaranır bu rəğbət? Niyə məhz nasist partiyasının nümayəndələri hətta həyati təhlükə qarşısında belə qanunsuz addım atırlar?
AFD - irqçi, islamofob, antisemit və ksenofob partiya
Əvvəlcə onu qeyd etmək yerinə düşər ki, AfD Almaniyada olduqca mənfi imicə sahibdir. Partiyanın əsas istiqamətlərindən biri Almaniyanı "islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaqdan ibarətdir. AfD ölkədə məscidlərin inşasına vəsaitin ayrılmamasını, hicabın qadağan olunmasını, məktəblərdə islam dərslərinin alman dilində tədrisini tələb edir.
Partiya Almaniyada irqçi, islamofob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edir. Bu partiyanın nümayəndələri demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər hesab edilirlər.
Partiyanın həmsədrlərindən biri Aleksandr Qauland öz niqtlərindən birində alman əsgərlərinin İkinci Dünya Müharibəsində göstərdikləri "qəhrəmanlıqları" qiymətləndirməyə və onlarla “fəxr etməyə” çağırmışdı.
Ermənistanın Qərbin ciddi siyasi qüvvələrindən dəstək almaq cəhdləri də nəticəsiz qalıb
Bu gün cəbhədə ciddi məğlubiyyətlə üzləşən Ermənistanın Qərbin ciddi siyasi qüvvələrindən dəstək almaq cəhdləri də nəticəsiz qalıb. Paşinyan və komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilməyiblər. Çünki Azərbaycan diplomatik cəbhədə çox uğurlu siyasət aparır.
Gəncə terroru ilə bağlı Avropa İttifaqının bəyanatı da Ermənistanın Qərbdən dəstək ümidinin doğrulmadığını sübut edir. Mülki insan tələfatı və ağır yaralanma ilə nəticələnən Gəncə şəhərinə zərbələrə toxunan Aİ bəyan edib ki, “hər hansı bir tərəfin mülki və mülki obyektləri hədəf alması dayandırılmalıdır”. Ermənistan Aİ-nin bəyanatını isterika ilə qarşılayıb.
Alman nasistlərinin Dağlıq Qarabağa gəlişi göstərir ki, bu gün Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş rejimin bütün ümidi nasist-faşist ideologiyasının daşıyıcılarına və terrorçulara qalıb. Suriya və Livandan PKK və YPG terror dəstələrinin üzvlərinin muzdlu kimi bölgəyə gətirən Ermənistan, Avropada nasist ideologiya daşıyıcılarının dəstəyinə ümid edir.
Ermənistanın özü də nasist ideyalarına sadiq olduğunu gizlətmir
Ermənistanın nasist ideyalarının daşıyıcısı və təşviqatçısı olması heç kimə sirr deyil. Həm onların tarix boyu insanlığa sığmayan təcavüzkar əməlləri, yeni tarixdə isə Xocalıda törətdikləri soyqırım, həmçinin I Qarabağ müharibəsi zamanı digər işğal etdiyi ərazilərimizdə dinc əhaliyə qarşı törətdiyi faşist hərəkətləri buna sübutdur.
Heç Ermənistanın özü də nasist ideyalarına sadiq olduğunu gizlətmir, hətta açıq şəkildə bu ideyaları təbliğ edir. Son illərdə Ermənistanın mərkəzində və digər bölgələrində faşist Almaniyasının SS birləşmələrinin generalları - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması da faşizmə olan rəğbətin bariz nümunəsidir. 2016-cı il mayın 28-də isə Ermənistan rəhbərliyinin bilavasitə iştirakı ilə İrəvanın mərkəzində nasist Njdenin heykəli açıldı.
İtalyan faşizmi, alman nasizmi və… erməni “Tseqakronutyun”u
Erməni dilindən tərcümədə "tseqakronutyun" sözü nasizm və ya irqçilik deməkdir. Bu, şərəfinə abidə ucaldılan Qaregin Njde tərəfindən hazırlanmış ideologiyadır. “Tseqakronutyun” ideologiyasının müddəaları, demək olar ki, olduğu kimi Alman Millətçi-Sosialist İşçi Partiyasının məşhur 25 bəndlik proqramından köçürülüb. Ermənistan Respublikaçılar Partiyasının 2004-cü ildə Yerevanda çap etdirdiyi “Qaregin Njde və onun təlimi” adlı proqram kitabçasında müəlliflərin özləri qeyd edir ki, erməni “Tseqakronutyun”u İtaliya faşizmi və alman nasizmi ilə qarışdırılmamalıdır. Onlar bunu guya “elmi” baxımdan belə izah edirlər: “Erməni faşizmi və ya nasizmi yoxdur. Var italyan faşizmi, alman nasizmi və… erməni “Tseqakronutyun”u".
Bu gün dünyada nasizmlə mübarizə getdiyi halda, Ermənistanda nasizmin qəhrəmanlaşdırılması ilə bağlı bir kult yaranıb və bu, artıq dövlət ideologiyasına çevrilib.
Bütün bunları nəzərə alsaq, Ermənistanın faşizmə rəğbət bəsləyən "Almaniya üçün alternativ" partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi bu ölkənin xisləti üçün təbii bir hal kimi görünür.