Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin (Riigikoq) sədri Yüri Ratasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri Estoniya parlamentinin spikerini və nümayəndə heyətini salamlayaraq, onların ölkəmizə səfərlərindən məmnun olduğunu bildirib.
Azərbaycan və Estoniyanın dost və tərəfdaş ölkələr olduqlarını deyən Milli Məclisin sədri bildirib ki, bu il Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd etdik. Bu illər ərzində münasibətlərimiz tərəfdaşlıq səviyyəsinədək inkişaf edib.
Spiker Sahibə Qafarova yüksək səviyyəli qarşılıqlı səfərlərin Azərbaycanla Estoniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amil olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələrini əhatə edən bir sıra sənədlər imzalanıb və onların sayının artırılması üçün geniş imkanlar var.
Bu ilin fevral ayında Estoniyaya rəsmi səfərini xatırlayan Milli Məclisin sədri həmin səfərin nəticələrindən məmnunluğunu ifadə edib. Söhbət zamanı Sahibə Qafarova Azərbaycanın Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi imzalamaq ərəfəsində olmasından, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan, Estoniyanın Avropa İttifaqının üzvü kimi təqdirəlayiq fəaliyyətindən danışıb. O, qeyd edib ki, hazırda Azərbaycan neftlə yanaşı, Avropaya etibarlı qaz tədarükçüsünə çevrilib və bu, Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfədir.
Milli Məclisin spikeri diqqətə çatdırıb ki, iki ölkə arasındakı münasibətlərin inkişafında parlamentlərimizin qarşılıqlı fəaliyyətinin də özünəməxsus rolu var. Bu gün qanunvericilik orqanlarımız arasında əməkdaşlığı daha da dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Parlament sədrlərinin və deputatların qarşılıqlı səfərləri, parlament dostluq qruplarının fəaliyyəti bu əməkdaşlığın inkişafına mühüm təkan verir.
Sahibə Qafarova bildirib ki, parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlığının daha da gücləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Qələbədən danışaraq diqqətə çatdırıb ki, bu qələbə ilə Azərbaycan beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını təmin edib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın sonuncu Brüssel görüşündən danışan spiker Sahibə Qafarova tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını bildirib.
Estoniya Parlamentinin sədri Yüri Ratas Estoniya nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Qonaq Estoniya və Azərbaycan münasibətlərinin dostluq məcrasında inkişaf etdiyini və yaxşı səviyyədə olduğunu bildirib. O, Estoniyanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini qeyd edib. Qonaq Şuşa şəhərinə səfər edəcəklərini, bundan da məmnunluq duyacaqlarını bildirib.
Estoniya parlamentinin spikeri nümayəndə heyətinə daxil olan biznesmenlərin də Azərbaycanda bir sıra görüşlər keçirəcəklərini və ikitərəfli əlaqələrin müxtəlif sahələrinin inkişafına çalışacaqlarını diqqətə çatdırıb.
Milli Məclisin sədrinin Estoniyaya səfərini xatırlayan qonaq ümidvar olduğunu bildirib ki, onun bu səfəri çərçivəsində keçiriləcək görüşlər və aparılacaq müzakirələr də ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcək.
Yüri Ratas diqqətə çatdırıb ki, Estoniya Azərbaycanla təhsil, ekologiya, kənd təsərrüfatı və digər sahələrdə münasibətlərin inkişafında maraqlıdır. O, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafını yüksək qiymətləndirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Estoniya ilə parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əhmədova, qrupun üzvləri Musa Qasımlı, Rəşad Mahmudov, Azər Kərimli, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.