Parlamentin Mədəniyyət komitəsinin iclası keçirilib

Parlamentin Mədəniyyət komitəsinin iclası keçirilib Milli Məclisin Mədəniyyət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.
Milli Məclis
19 Sentyabr , 2023 18:33
Parlamentin Mədəniyyət komitəsinin iclası keçirilib

Milli Məclisin Mədəniyyət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

"Report" xəbər verir ki, komitə sədri Qənirə Paşayeva sessiyanın başlaması münasibəti ilə təbriklərini çatdırıb, deputatlara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Komitə sədri Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatı diqqətə çatdıraraq, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni separatçılarının əvvəlcədən quraşdırdıqları minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsinin sıradan çıxdığını və mülki şəxslərin həlak olduğunu bildirib. O, Daxili Qoşunların hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçuların həlak olduğunu və yarandığını söyləyib. İclas iştirakçıları torpaqlarımızın bütövlüyü naminə həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra iclasda gündəlikdəki məsələlərə baxılıb. Qənirə Paşayeva, əvvəlcə, 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabatı təqdim edib. Komitə sədri bildirib ki, hesabat dövründə komitədə 5 iclas və 2 dinləmə keçirilib. İclaslarda 8 məsələ, o cümlədən 5 qanun layihəsi müzakirə olunub. O, müzakirə olunan məsələlər arasında bəzi qanunlara dəyişikliklərin edilməsi ilə bağlı qanun layihələrinin olduğunu, bununla yanaşı, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin də nəzərdən keçirildiyini deyib.

Komitə sədri yaz və növbədənkənar sessiyalar ərzində Milli Məclisin Mədəniyyət komitəsində Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi ilə birgə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı, habelə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmələrin keçirildiyini diqqətə çatdırıb.

Qənirə Paşayeva bildirib ki, ötən sessiyalar zamanı komitənin ünvanına daxil olmuş məktub, ərizə və şikayətlər baxılaraq, müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Komitənin sədri tərəfindən vətəndaşlar qəbul edilib, mütəmadi olaraq seçicilərlə görüşlər keçirilib.

Qeyd edilib ki, komitə üzvləri “Heydər Əliyev İli” çərçivəsində ölkədə və xaricdə keçirilən bir çox tədbirlərdə fəal iştirak ediblər, habelə, komitənin əməkdaşlıq etdiyi qurumlarla birgə müxtəlif mövzularda təşkil olunan tədbirlərə qatılıblar, mədəniyyət xadimləri ilə bir sıra görüşlər keçiriblər.

Komitə üzvləri Cavanşir Feyziyev və Əziz Ələkbərli ölkənin mədəniyyət həyatında baş verən hadisələrlə bağlı bəzi fikirlərini açıqlayıblar.

Sonra iclasda komitənin cari ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsinə baxılıb. Qeyd olunub ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması, bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Komitə sədrinin müavini Fazil Mustafa, komitə üzvü Nizami Cəfərov, deputat Razi Nurullayev mədəniyyət sahəsinin inkişafı, bu sahəyə aid qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qeyd və təkliflərini səsələndiriblər.

Müzakirələrin sonunda Mədəniyyət komitəsində cari ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat məqbul hesab olunub, payız sessiyası üçün nəzərdə tutulmuş iş planının layihəsi təsdiq edilib.

Gündəliyin növbəti məsələsini - “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri bildirib ki, sənəddə uyğunlaşdırma xarakterli bəzi düzəlişlər təklif olunur. Qeyd edilib ki, layihəyə əsasən, “Mədəniyyət haqqında” qanuna yeni maddənin əlavə edilməsi nəzərdə tutulub. Əlavədə deyilir ki, qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq yalnız nağdsız qaydada həyata keçirilir.

Komitə üzvü Nizami Cəfərov bəzi qeydlərini bildirdikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda çıxış edən komitə üzvü Ülviyyə Həmzəyeva ölkədə mədəniyyət sahəsinin inkişafı istiqamətində atılan addımlardan, gələcəkdə nəzərdə tutulan tədbirlərdən danışıb.

İclasın sonunda Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentdə informasiya texnologiyalarının imkanlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə parlament Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsi tərəfindən hazırlanmış yeni mobil tətbiqin təqdimatı keçirilib. Yeni proqram təminatı barədə həmin şöbənin müdiri Şahin Həsənov məlumat verib.

İclasda komitə üzvləri Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Mixail Zabelin də iştirak ediblər.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

Son xəbərlər

Orphus sistemi