Bakı. 5 noyabr. REPORT.AZ/
T.Kərimli “Report”a açıqlamasında deyib ki, ittihamlar gülünc və əsassızdır.
Onun sözlərinə görə, insanlar təklifin mahiyyətini tam başa düşməyiblər: “Sosial şəbəkələrdə və mətbuatda ittihamlar irəli sürülür. Bir tərəfdən təəssüflənsəm də, digər tərəfdən sevinirəm. Ona görə sevinirəm ki, xalq öz dəyərlərini, dövlətini müqəddəs hesab edir. Kədərlənməyimin səbəbi odur ki, ittihamlar əsassızdır. Deyirlər ki, bu qədər problemlər olduğu halda, Tahir Kərimli niyə himnlə bağlı məsələ qaldırıb? Azərbaycan Konstitusiyasının qəbulundan 23 il ötür, qanunun 23-cü maddəsinin üçüncü hissəsində qeyd olunur ki, dövlət bayrağının və dövlət gerbinin təsviri, dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir. İndi həmin Konstitusiya qanunu layihəsi Milli Məclisə göndərilib ki, müzakirə olunsun. Belə olanda halda, mən hansı problemdən danışmalıyam? Deputat fəaliyyətim dövründə daim xalqı narahat edən problemlərə toxunmuşam. İttiham edirlər ki, bu çıxış gündəmi dəyişməyə hesablanıb. Deputatam, gündəmi necə dəyişə bilərəm ki?! İddia olunur ki, kimsə yeni himn yazmaq istəyir, ona görə Tahir Kərimli məsələni ortaya atıb. Bu nə deməkdir, bu nə düşüncədir?! Himni yazmaq istəyənlərdən biri Sabir Rüstəmxanlı idi, o da qəbul olunmadı”.
O, himninin dəyişdirilməsinin qəbulolunmaz olduğu arqumentini doğru hesab etmədiyini qeyd edib: “Deyirlər ki, bu himn Azərbaycan Xalq Cümhuriyyətinin himni olub. Axı olmayıb... 1920-ci ilə qədər himnimiz olmayıb. Üzeyir Hacıbəyovun hazırladığı marş isə tamam başqa olub. Üzeyir Hacıbəyli 1917-ci ildə “Açıq söz” qəzetində çap edilən məqaləsində yazır ki, milli qəsidə (himn) yazmağa çalışır, milli marş yazıb, amma dərc etməyə lazım bilmir. O qeyd edir ki, yazdığı marşın sözlərinin vəzn cəhətdən düzgün olmadığını söyləməliyəm. Azərbaycanın dövlət himni “Bayatı-Şiraz” üzərində yazılıb. “Bayatı-Şiraz” da qəmginlik gətirən musiqidir. Bunu bəstəkar Nailə Mirməmmədli də təsdiq edib. Hazırki himn 1989 və 2014-cü ildə aranjiman olunub. Mütəxəssislər də təsdiq edir ki, himn sürətləndirilib. Əgər toxunulmaz idisə, niyə aranjiman edirdilər? 1992-ci ildə də bəzi sözlər dəyişdirilib. Məsələn, “Sənə hər dəm” sözləri “sənə hər an” sözləri ilə, “Sənə bir çox məhəbbət” sözləri “sənə min bir məhəbbət” sözləri ilə əvəz edildi. “Himni dəyişmək olmaz” demək, ehkam kimi baxmaq doğru deyil. Əhməd Cavad mənim istiqlal şairimdir, ən sevdiyim şairdir. Üzeyir Hacıbəyovu mədəniyyətimizin peyğəmbəri adlandırmışdım, bəziləri dedi, bu, düzgün deyil. Yəni burada söhbət himni dəyişməkdən deyil, düzəliş etməkdən, kədərli notları aradan qaldırmaqdan gedir. Mənə qarşı hücum edənlər haqsızdırlar. Hazırki himn 1919-cu ildə “Vətən nəğmələri” adı ilə hökumət mətbəəsi çap edib. Ölkəmiz müstəqil olduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası himnin sözlərinin kimə məxsus olmasını müzakirə etmişdilər, qərar bundan ibarət idi ki, himnin müəllifi Əhməd Cavad deyil. Mən hələ bu məsələyə toxunmuram. Bütün hallarda himni mükəmməl etməliyik. Bəziləri deyir ki, xalq bu sözlərə öyrəşib, diləyatımlıdır, bəs əlifbanı niyə üç dəfə dəyişdiniz? Türkiyə səfirliyində bu yaxınlarda tədbirdə idim, Türkiyə və Azərbaycanın himni səsləndi. Ölkəmizin himni səslənəndə qonaqlar bir-biriləri ilə söhbət etməyə başladılar... Bu, mənə çox pis təsir etdi”.
Xatırladaq ki, Milli Məclisin noyabrın 2-də keçirilən plenar iclasında T.Kərimli himnin həcminin azaldılmasını təklif etmişdi.