Nazir müavini: "Süni intellekt dayanıqlı kənd təsərrüfatı üçün yeni düşüncə tərzidir"

ASK
  • 08 dekabr, 2025
  • 17:02
Nazir müavini: Süni intellekt dayanıqlı kənd təsərrüfatı üçün yeni düşüncə tərzidir

Süni intellekt sadəcə texnoloji yenilik deyil, həm də ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə və dayanıqlı kənd təsərrüfatı üçün yeni düşüncə tərzidir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri son illərdə kənd təsərrüfatına, su ehtiyatlarına və torpaqlarımıza ciddi təsir göstərir: "Ona görə də idarəetmə mexanizmlərimizin daha dəqiq, daha operativ və daha məlumat əsaslı olması zərurətə çevrilib. Aqrar sahədə rəqəmsal transformasiya proqramı bugün məhz buna görə formalaşıb. Bu proqram çərçivəsində artıq 30-dan çox süni intellekt ssenarisi müəyyən edilib və onların bir hissəsi real nəticə verməyə başlayıb. Ssenarilər bitki xəstəliklərinin erkən aşkarlanmasından tutmuş suvarmanın dəqiq planlaşdırılmasına, torpaq xəritələrinin hazırlanmasına və məhsuldarlıq proqnozlarına qədər geniş spektri əhatə edir. Azərbaycanda aqrar sahənin inkişafına mühüm töhfə verəcək süni intellekt ssenarilərindən bir neçəsini sadalamaq istərdim. Hazırlanmış rəqəmsal proqramın bitki sağlamlığı üzrə modeli fermerlərə xəstəlik və zərərverici risklərin əvvəlcədən görmək imkanı yaradır. Bu həm pestisid istifadəsini azaldır, həm də torpaq və su ehtiyatlarına daha az yük salır".

O əlavə edib ki, torpaq xəritəsi isə göstərir ki, hansı ərazidə torpağın turşululuq və qələviliyi nə qədərdir, üzvi maddə səviyyəsi necədir və buna uyğun olaraq gübrələmə necə aparılmalıdır: "Bu, torpağın uzunmüddətli məhsuldarlığının qorunması üçün olduqca önəmli faktordur. Suvarma modeli də mühüm yenilikdir. Hər bölgənin iqlim şəraitini, torpaq xüsusiyyətlərini və bitki növünü nəzərə alaraq su tələbatını hesablayır. Bu, həm su israfının qarşısını alır, həm də enerji xərclərini azaldır. Fermer reytinqi modeli isə həm ekoloji davranışı, həm də təsərrüfatın idarəetmə keyfiyyətini qiymətləndirən bir mexanizmdir. Bu, dövlət dəstəklərinin daha düzgün istifadəsini formalaşdırır və fermerləri daha dayanıqlı yanaşmaya təşviq edir. Xüsusilə qeyd etmək istərdim ki, layihə çərçivəsində hazırlanan bütün xəritə və modullar dəyişən peyk, iqlim və torpaq məlumatları ilə müxtəlif vaxt aralığında (saatlıq, günlük, aylıq) yenilənməklə baş verən hadisələri əvvəlcədən proqnozlaşdırmağa və zamanında qərar verməyə imkan yaradır".

Nazir müavini vurğulayıb ki, peyk təsvirlərinin, dron çəkilişlərinin, iqlim stansiyalarının göstəriciləri, minlərlə torpaq analizi – bütün bunlar birgə vəhdət təşkil edərək dəqiq nəticə ortaya qoyur: "Artıq biz mövsümi təcrübə ilə deyil, böyük həcmli məlumatlar və proqnozlara əsaslanan qərarlar veririk. Bu da iqlim dəyişikliklərinin təsirlərini azaltmaq üçün ən real və effektiv yoldur. Süni intellekt bizim üçün sadəcə texnoloji yenilik deyil. Bu ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə və dayanıqlı kənd təsərrüfatı üçün yeni düşüncə tərzidir".

Son xəbərlər

Bütün Xəbər Lenti