Bakıda TÜRKPA çərçivəsində parlament Baş katiblərinin birinci görüşü keçirilib

Bakıda TÜRKPA çərçivəsində parlament Baş katiblərinin birinci görüşü keçirilib Bakıda Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) çərçivəsində parlament Baş katiblərinin birinci iclası keçirilib.
Milli Məclis
6 İyun , 2024 11:46
Bakıda TÜRKPA çərçivəsində parlament Baş katiblərinin birinci görüşü keçirilib

Bakıda Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) çərçivəsində parlament Baş katiblərinin birinci iclası keçirilib.

“Report” xəbər verir ki, toplantıda "TÜRKPA çərçivəsində parlamentlərin Aparat rəhbərləri arasında əməkdaşlığın perspektivləri" mövzusunda müzakirələr aparılıb.

Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyev bildirib ki, TÜRKPA-nın 13 iclasının Bakıda keçirilməsi Azərbaycanda yeni reallıqların yarandığı bir zamanda baş tutur: “Azərbaycan öz torpaqlarını azad etdikdən sonra beynəlxalq tədbirləri artıq azad olunmuş ərazilərdə keçirir. TÜRKPA-ya üzv dövlətlərin plenar və komissiya iclasları, keçirilən tədbirlər və nəticələr onu deməyə əsas verir ki, TÜRKPA müasir beynəlxalq sistemdə öz layiqli yerini tutur. 13-cü plenar iclasın əsas mövzusu günümüzdə yaşanan çağdaş dünyanı və bəşəriyyəti narahat edən problemin həlli yollarının müzakirəsinə həsr edilib”. Onun sözlərinə görə, bu tədbirlər TÜRKPA arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm töhfə olacaq.

Qazaxıstan parlamenti Məclisinin Aparat rəhbəri Renat Aytayev qeyd edib ki, parlamentlərarası təcrübə daha da inkişaf etdirilməlidir: “Məlumat mübadiləsi aparmalı, müxtəlif sərgilər təşkil etməli, daha da yaxınlaşmalı, idman yarışları təşkil etməliyik. Eyni zamanda mətbuat xidmətlərinin birgə fəaliyyəti üçün çalışmalıyıq. Ümumilikdə parlamentlər arasında əməkdaşlıq hamımız üçün xeyirli olacaq”.

Qırğızıstan parlamentinin (Joqorku Keneş) Aparat rəhbəri Alaybek Alımbayev vurğulayıb ki, parlamentlərarası əlaqələri inkişaf etdirmək üçün müasir elektron metodlardan istifadə edərək məlumat mübadiləsi təmin edilməlidir: “Parlamentlərarası iclaslar geniş işıqlandırılmalıdır. Münasibətlərimizi daha da inkişaf etdirərək təcrübə mübadiləmizi genişləndirməliyik”.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzun söyləyib ki, TÜRKPA çərçivəsində gələcək perspektivlərin həyata keçirilməsi üçün əməkdaşlıq sahələri müəyyənləşdirilməlidir: “Qarşılıqlı təcrübə üçün detallı şəkildə danışıb konkret nəticələr əldə etmək naminə yola çıxmalıyıq. Parlamentlər arasında gediş-gəlişi daha da genişləndirməliyik”.

Özbəkistan Ali Məclisi Senatının Aparat rəhbəri Qüdrət Nurullayev isə iclasa onlayn qatılıb və TÜRKPA-ya üzv dövlətlərin birgə fəaliyyəti üçün elmə əsaslanan təklifləri müzakirə etməyin əhəmiyyətini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi