İnsanlar televiziya ekranlarında nə görürlərsə, ona meyil edirlər.
"Report" xəbər verir ki, bunu Türkiyənin Radio və Televiziya Ali Şurasının İnsan Resursları və Təhsil İdarəsi rəhbərinin müavini Feyza Gizligider Bakıda keçirilən "Media savadlılığı" konfransında deyib.
Onun sözlərinə görə, insanların bir günlərinin 7 saatdan çoxu internetlə əlaqəlidir: "İnsanlar televiziya ekranlarında nə görürlərsə, ona meyil edirlər. Şiddət görən də şiddətə meyil edir, təbii ki! Bunu araşdırmalar da göstərir".
Natiq əlavə edib ki, məhz buna görə media savadlılığına ehtiyac var: "Bu, informasiyanın analizini və dəyərləndirilməsini nəzərdə tutur. Bəzən bilərəkdən və ya bilməyərəkdən qeyri-dəqiq xəbər yayırıq. Bəzən müxbir hadisə yerindən çəkiliş edir. Sonra redaksiyada həmin süjet kəsilir və ən maraqlı yeri saxlanılır. Nəticədə xəbər qeyri-dəqiq olur. Amma media savadlılığı sahəsində Azərbaycanın dünyaya nümunə olacağına inanıram".