Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında abunəçilərinə daha bir videomüsahibə təqdim edib.
“Report” xəbər verir ki, podkastın qonağı məşhur Ukrayna pediatrı, tibb elmləri namizədi, yazıçı, televiziya aparıcısı, Doktor Komarovski kimi daha çox tanınan Yevgeni Komarovski olub.
Söhbət iştirakçıları kişilərin uşaqların həyatında iştirakının aşağı olmasının səbəblərini, uşaqları məcburi yedirtməyin lazım olub-olmadığını, peyvəndin vacibliyini, gənc nəslin tərbiyəsi və sağlamlığı ilə bağlı bir çox aktual məsələləri müzakirə ediblər.
Doktor Komarovski uşaqlarla valideynlər arasında harmonik münasibətlərin əsas prinsiplərindən danışıb. O, həmçinin bu münasibətlərdə fəlakət astanasında olub-olmadığımızı izah edib.
Bundan əlavə, müsahibə zamanı jurnalist və qonağı digər mövzulara da toxunublar, o cümlədən həkimlər arasında şarlatanlığın yayılmasının səbəbləri və bu gün ən yaxşı səhiyyə sisteminin hansı ölkədə olması barədə danışıblar.
Söhbətin əhəmiyyətli hissəsi müharibə və uşaqlar mövzusuna həsr olunub. Komarovski Ukraynanın indi necə yaşadığını və ukraynalı uşaqlara necə kömək edilə biləcəyindən danışıb.
Sonda D.Komarovski Bakını çox bəyəndiyini vurğulayıb və sevimli Azərbaycan yeməyindən bəhs edib.