Audiovizual Şurada ümumölkə yerüstü və peyk yayımında olan televiziya yayımçılarının məsul şəxsləri ilə görüş olub, yayımçıların Şuraya təqdim etdiyi hesabatlara dair məsələlər müzakirə olunub.
Şuradan "Report"a verilən məlumata görə, görüşə ümumölkə yerüstü və peyk yayımında olan televiziya kanallarının proqram rəhbərləri və səlahiyyətli şəxsləri, Audiovizual Şuranın hüquq və kommunikasiya üzrə əməkdaşları qatılıb.
Bildirilib ki, görüşdə ölkənin qanunvericiliyinə, cəmiyyətin həyatında mühüm əhəmiyyətə malik istiqamətlər üzrə qəbul olunmuş məqsədli dövlət proqramlarına, strategiya və fəaliyyət planlarına uyğun olaraq televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların icrasına dair məsələlər diqqətə çatdırılıb.
Audiovizual mediada uşaqların əqli, mənəvi və fiziki inkişafına mənfi təsir göstərən yayımlara qarşı mübarizə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə, gənclər arasında ailənin və nikahın əhəmiyyəti, erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə mövzularında proqramların hazırlanması və yayımlanması ilə bağlı yayımçılara zəruri tövsiyələr verilib.