Tarixi motivli ekran əsərlərində milli-mənəvi dəyərlərə hörmət ön planda olmalıdır - RƏY
- 05 dekabr, 2025
- 18:30
Tarixi motivli mədəniyyət nümunələrində, əsərlərdə milli-mənəvi dəyərlərə hörmət planda olmalıdır.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın "Məhsəti" filmi barədə danışarkən deyib.
O qeyd edib ki, Məhsəti Gəncəvi tarixi şəxsiyyət, görkəmli ədəbiyyat nümayəndəsi olub:
"Belə şəxsiyyəti, şairin əsərlərini diqqət çəkmək məqsədilə qeyri-etik səhnələrdə istifadə etmək düzgün deyil. O, ölkənin ədəbiyyatında böyük yeri olan bir şəxsiyyətdir. Onu müasir cəmiyyətə təqdim edərkən də bunu nəzərə almaq lazımdır. Üstəgəl, "Məhsəti" filmini uzun müddət Azərbaycanın Mədəniyyət Nazirliyinə rəhbərlik etmiş bir şəxsin qızı çəkib. Onun orta əsrlərdə, dini dəyərlərin, adətlərin hökmran olduğu bir dövrdə yaşamış, yaratmış, tarixdə xüsusi yeri olan ədəbiyyatçı qadını bugünkü düşüncələri formatında təqdim etməsi etik hesab olunmur".
Deputat qeyd edib ki, tarixi filmlərin azlığının tənqid edildiyi məqamda tarixi şəxsiyyətin adından istifadə edərək, qeyri-etik filmlər çəkilməməlidir:
"Ümumiyyətlə, hesab edirəm ki, tarixi şəxsiyyətlər, hadisələr, faktlar haqqında filmlərin çəkilişində ən azı iki nəfər həmin dövrün mütəxəssisi, tarixçi məsləhətçi qismində iştirak etməlidirlər. O ssenarilərə baxılmalı, peşəkar tövsiyyələr verilməlidir. Bir çox filmlərimizdə nöqsanları görürük. Lakin tarixçilərin fikrinə önəm verilsə, belə hallarla rastlaşmarıq".
Qeyd edək ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın çəkdiyi "Məhsəti" filmində Məhsəti Gəncəvi obrazı Azərbaycan poeziyasının aparıcı qadın simvolunun kimliyi tarixdən təcrid edilib. Film sosial şəbəkələrdə narazılığa səbəb olub.