Mədəniyyət Nazirliyi region teatrlarında aktrisa çatışmazlığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Teatr sektorunun müdiri Könül Cəfərova "Report"a açıqlamasında regionlarda fəaliyyət göstərən bəzi teatrlarda ixtisaslı gənc kadrlara, aktyor və aktrisalara ehtiyac olduğunu təsdiqləyib.
O, həmçinin Mingəçevir Dövlət Dram Teatrında guya aktrisa olmadığından obrazın kişi aktyor tərəfindən canlandırılması ilə bağlı iddialara da münasibət bildirib.
Sektor müdirinin sözlərinə görə, Mingəçevir Dövlət Dram Teatrında nümayiş olunan "Yad" tamaşında Byanka obrazını kişi aktyorunun canlandırması tamamilə rejissor təxəyyülünün məhsuludur
"Mingəçevir Dövlət Dram Teatrında baş rejissor Vüsal Mehrəliyevin quruluşunda Uilyam Şekspirin "Otello" əsərinin motivləri əsasında hazırlanmış "Yad" tamaşasında Byanka obrazını aktyor Ceyhun Əhmədovun ifa etməsi rejissor yozumuna əsaslanır. Doğrudur, regionlarda fəaliyyət göstərən teatrların bir çoxunda ixtisaslı gənc kadrlara, aktyor və aktrisalara ehtiyac var və biz də bu istiqamətdə bir çox layihələr həyata keçiririk".
K.Cəfərova onu da əlavə edib ki, həmin teatra yenicə gənc rejissor göndərilib və müvafiq tapşırıqlar verilib:
"İxtisaslı və istedadlı gənc aktyor və aktrisalardan ibarət truppa formalaşdırması və bununla bağlı Mədəniyyət Nazirliyinə təkliflərini verməsi tapşırılıb".