Nazir müavini: Hazırda mədəni irsin süni intellektlə analizi həyata keçirilir

Mədəniyyət siyasəti
  • 09 dekabr, 2025
  • 12:02
Nazir müavini: Hazırda mədəni irsin süni intellektlə analizi həyata keçirilir

Mədəniyyət Nazirliyinin əsas məqsədlərindən biri süni intellekti mədəniyyət üçün təhdid kimi deyil, yaradıcı fəaliyyətə dəstək verən və onu daha da zənginləşdirən bir alət kimi inkişaf etdirməkdir.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Murad Hüseynov "Əqli mülkiyyət və süni intellekt" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, mədəniyyət siyasətinin mərkəzində müəllif hüquqlarının qorunması dayanır:

"Çünki mədəniyyət yaradıcı insanlar üzərində qurulur. Yaradıcı insanların əməyinin layiqli şəkildə qiymətləndirilməsi mədəni inkişafın davamlılığını təmin edir və cəmiyyətin intellektual səviyyəsinin artırılmasına xidmət edir. Süni intellektlə bağlı müzakirələr çərçivəsində 3 əsas məsələ xüsusilə aktuallıq kəsb edir. Birincisi, yaradıcı insanların hüquqlarının qorunması, ikincisi, müəlliflik və patent hüquqlarının yenidən qiymətləndirilməsi, üçüncüsü isə mədəni müxtəlifliyin qorunmasıdır".

Nazir müavini əlavə edib ki, əgər süni intellekt əsasən qlobal dominant mədəniyyətlərin məlumatları üzərində qurularsa, kiçik dillər, folklor irsi və yerli yaradıcılıq ənənələri arxa plana keçə bilər. Bu isə mədəni müxtəliflik üçün ciddi çağırışdır:

"Azərbaycan zəngin mədəni irsi, çoxəsrlik yaradıcılıq ənənələri və rəqəmsal transformasiya sahəsində həyata keçirdiyi tədbirlər sayəsində bu qlobal prosesdə fəal iştirak edir. Hazırda tərəfimizdən rəqəmsal arxivlərin genişləndirilməsi, mədəni irsin süni intellekt vasitəsilə analizi, yaradıcı sənaye layihələrində innovativ və texnoloji həllərin tətbiqi, nağılların, musiqi ənənələrinin, muğam irsimizin, xalçaçılıq motivlərinin və digər milli dəyərlərin rəqəmsallaşdırılması istiqamətlərində geniş fəaliyyət həyata keçirilir".

Son xəbərlər

Bütün Xəbər Lenti